Yaranma tarixi:
İşləyən başliqlar necə olur?
Sizin məqalənin başlığı perspektivli oxucuda təəssürat yaradan əsas, bəzən də yeganə vasitədir. Başlığı seçilməyən məqaləyə baxarkən insanda elə fikir yaranır ki, elektron kitab oxuyur.
Yaxşı başlıq təkcə diqqəti cəlb etməklə kifayətlənmir. Tutarlı başlıq ünvanlandiği auditoriyaya tam bir mesaj göndərir, onunla ünsiyyət qurur və onu məqalənin daxilinə çəkib aparır.
Öz mahiyyəti etibarilə başlıq, məqalənin oxunuşuna sərf olunan vaxtın müqabilində oxucuya mükafat olaraq hansısa xeyir və mənfəət söz verməlidir.
Kopirayter Bob Blay başlıqların yazılması üçün zamanla təsdiqini tapmış və oxucunu hərəkətə gətirən aşağıdakı 8 qaydanı verir:
- Birbaşa başlıqlar bütün ağıllı sözləri kənara qoyaraq əsas mətləbə keçir. Bu cür başlıqlara mağazalarda hər gün rast gələ bilərsiniz. 1+1 kampaniyası, və ya Yeni kolleksiyaya 30% endirim tipli şüarlar əslində birbaşa başlıqlardır. Bu şüarlara bloqqer prizmasından baxsaq hazırda oxuduğunuz məqalənin adı yəqin ki, belə olardı: Bloqqerlər üçün 8 havayi məsləhət.
- Dolayı başlıq daha incə yanaşma tərzidir. Onunla siz, oxucunun beynində sual doğurur, və həmin suala məqalənin mətnində cavab verirsiniz. Tez-tez burada ikili mənaya üstünlük verilir. Məsələn, Təzə süpürgə yaxşı süpürər başlığını oxuyan bilir ki, məqalədə söhbət nə süpürgədən, nə də ev yığışdırmaqdan getmir. Amma bu başlığın altında hansı bənzətmənin olduğunu bilmək üçün yazıya nəzər salmalı olur.
- Yenilik başlığı kifayət qədər özgür (özünə yetərli) olur. Amma bu cür başlığın kontentində gərək həqiqətən yeni məlumat verəsiniz. Bu cür başlığı yaratmaq üçüm, yeni məhsulun anonsu, təkmilləşmiş versiyasının nömrəsi, və ya məqalənin kiçik bir parçasını istifadə etməlisiniz. Məsələn, WhatsApp-ın yeni imkanları və ya Bil Geyts ilə müsahibə.
- Necə başlığı harada işlədilməsindən asılı olmayaraq, həm internetdə, həm də çapda öz cazibədarlığı ilə seçilir. Bu məqalənin adına diqqət yetirin. Blay hətta yazır ki, əgər başlıqda necə sözü işlədirsinizsə, istənilən cəfəngiyatı yaza bilərsiniz.
- Sual başlığı təkcə sual verməklə kifayətlənmir. Blaya görə bu elə sual olmalıdır ki, oxucuda intriqaya, hətta iztiraba səbəb olsun və məqalədə ona cavab tapmağa tələssin. O, Psixologiya bu gün jurnalından belə bir başlığı misal çəkir: Siz evdə tək olub çimərkən vanna otağının qapısını bağlayırsınızmı? Digər bir misal “daha çox” metoduna əsaslanıb İnternet marketinqdə geniş istifadə olunur. Məsələn: Daha kim internetdə varlanmaq istəyir?
- Əmr başlığı cəsarətlə yaxın perspektivdə nə etmək lazım olduğunu diktə edir. Məsələn, Exxon neft şirkətinin bir zamanlar istifadə etdiyi Pələngi öz sisterninə qoy şüarı. Bu başlığa mütləq hərəkət tələb edən güclü fel daxil olmalıdır. Məsələn, Bu gün sifariş edin!
- Səbəb başlığı digər effektiv texnikanı əks etdirir. Məqalənin mətnində nömrələnmiş qaydada məhsulun özəlliklərini saya bilərsiniz, və ya sadəcə olaraq faydalı məsləhətləri sadalaya bilərsiniz. Sonra isə bu abzasların ümumi sayını başlığa yazırsınız. Məsələn, Soğanı sevməyimin 25 səbəbi (heç soğanın yeridir?). “Səbəb” kəlməsinin başlıqda olması heç də vacıb deyil. Yenə hazırki məqalənin adını dəyişsək onu Bloqu cazibədar etmənin 8 yolu adlandırmaq olar.
- Uğur başlığı son dərəcə effektivdir. Çünki bu sizin təklif etdiyiniz metodun real həyatda effektivliyini təsdiq edir. Bunun üçün kiminsə Sizin barənizdə, və ya təqdim etdiyiniz məhsul barəsində dediyi müsbət sözləri başlığa daxil edirsiniz. Dirnaq işarələri yazının vasitəsiz nitq olduğunu təsdiqləyir. Oxucu bu sözlərin davamını mətndə axtarmağa başlayır. Məsələn, “Mən boş vaxtımı Jsoft bloqunu oxumaqla keçırırəm”, deyə Barak Obama etiraf edir.
Gözəl xəyaldir, deyilmi?
Digər məqalələr
Kopirayterlər üçün AIDA modeli
AIDA termini 4 ingilis sözünün baş hərflərindən ibarətdir. Attention, Interest, Desire, Action. Mənaları uyğun olaraq diqqət, maraq, istək və hərəkət deməkdir.
Nəticə verən başlıqları necə yaratmaq olar?
Bir çox kopirayterlər hesab edir ki, məqaləyə sərf edilən vaxtın 50%-i başlığın yaradilmasına sərf olunmalıdır. Təxminən 10 nəfərdən 8-i yalnız məqalənin başlığını oxuyur, və yalnız 2-si mətə maraq göstərir.
Uğurlu məqalənin əsasları
AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Bəs AİDA nədir və nə üçün lazımdır? Daha dəqiq desək bununla necə pul qazanmaq olar?
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.