Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Lahıcda Qaya istirahət mərkəzi

Qaya mehmanxanasının kottecində 1 gecə ailəmlə qalmışam. 19 iyul 2016 tarixində dostumla iki ailə Lahıca gedərkən kottec rezervasiya etdik.

Kottecin qiyməti 120AZN. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Sonra ərazini gəzib gördük ki, digər otellərdə 120AZN qiymətinə 4 nəfərlik və gündə 3 dəfə yemək daxil olan kotteclər var imiş. İnsafla onu deyim ki, nömrədə sakinlərin sayına görə diş fırçası, bir ədəd diş pastası, 1 şampun və iki yeni sabun var idi. Dörd hamam xalatı, üz, ayaq və hamam dəsmalları da var idi. Hə, şapşap da var idi. Ev heyvanlarından arı, malyariya ağcaqanadı və onlarla mübarizə aparan hörümçəklər olsa da, bunu meşə şəraitində adi hal saymaq olar.

Həyətdə açıq hovuz olsa da , suyu təmiz deyildi. Elə bir dəfə doldurulmuş suyun rəngindən bu məlum idi. Hovuzun nəinki dibi, heç divarları da görünmürdü.

Su qızdırıcısı Vanna Asılqan
Görünüşünə fikir verməyin. Su qızdırıcısı işləyirdi. Əlimi atdım dəsmalı götürüm, aslqanla birgə çıxdı

Personal ümumiyyətlə nə işlə məşğul olduğunu bilmirdi. Görünürdü ki, yay mövsümündə işə götürülmüş və işdən heç bir xəbəri olmayan adamlardır. Personaldan soruşdum ki, nömrədə çay dəmləmək üçün çaynik var? Dedi yox, bu kotteclərdə olmur. Soruşdum ki, axı kottec ən bahalısıdır. Niyə adi nömrədə olan avadanlıq burada yoxdur. Cavab verməyib çiyinlərini çəkdi. Sonra mətbəxdəki şkafdan su və dəm çaynikini çıxarıb ona göstərdim. O isə bildirdi ki, xəbəri yox imiş.

Səhər yeməyinə yalnız yağ, bal, çörək və çay daxildir. Qaymaq dedikləri mağazadan alınma aşağı faizli smetan idi. Bir də istəsəniz sizə suda və ya yağda bişmiş yumurta gətirə bilərlər. Biz yumurta-pomidor istədik. Dedilər bu əlavə ödənişli olacaq, çünki yumurta olsa da, pomidor səhər yeməyi sayılmır.

Şam yeməyini orada yeməyə cəhd göstərsək də alınmadı. Biz şam üçün otelin restoranına düşəndə işıqlar sönmüş içəridə heç kim yox idi. Bizi görən işçilər təəccüblənsə də bunu bildirmədilər. Tez işıqları yandırdılar. Soruşanda ki, camaat hanı, dedilər hamı artıq yeyib. Saat isə hələ 8 idi. Qapının yanındakı masaya yaxınlaşdıq. Dedilər bu masalar hamısı putyovka ilə gələnlər üçün rezervasiya olunb. Birinci dəfə idi ki, bomboş restoranda rezervasiya olunmuş masalar görürdüm. Nə isə göstərilən masaya əyləşib menyunu soruşduq.

Menyu 2 səhifədən ibarət idi. Amma bizə dedilər ki, menyuya baxmayaq. Çünki yazılanlardan yalnız toyuq yeməklərini təklif edə bilərlər. Bura toyuq qızartması, soyutması və kababı daxil idi. Menyuda qutab, şorba, əcəbsəndə və digər qazan xörəkləri olsa da dedilər ki, bunları bizdən qabaqkı qonaqlar yeyib qurtarıb. Uzaq başı kabab verə bilərlər. Biz indi restoranın niyə boş olduğunu başa düşdük. Restorandan çıxdıq ki, yaxınlıqdakı kafeyə gedək.

Həyətə çıxmışdıq ki, restoranda kiminsə bərkdən danışdığını eşitdik. Görünürdü ki, kim isə işçiləri tənbeh edirdi. Daha doğrusu təhqir edirdi. Elə otelin darvazasına çatırdıq ki, arxadan həmin ofisiantların qaça-qaça gəldiyini gördük. Onlar yalvararaq qayıtmağımızı xahiş etdilər. Dedilər nə istəmişiksə hamısını təşkil edəcəklər. Soruşduq ki, necə edəcəklər. Bayaq deyirdilər menyudakı yeməkləri hazırlamaq üçün məhsullar qurtarıb axi. Bəs haradan tapıb nə vaxt bişirəcəklər?

Bir də gördük bir nəfər yekəpər də ləhləyə-ləhləyə özünü yetirdi. Gələn administrator imiş. Bizə çatanda o da öz aləmində üzrxahlıq eləməyə başladı:

– Mən üzr istəyirəm. Bilirsiz, qardaş prostu bu oğ...ş povar özünü işə varmaq istəmir. Siz qayıdın. Mən indi hamısını yoluna qoyaram.

Burada deyiblər, üzrü günahından betər. Dostum ona dedi ki, söyüş söyməsin. İndi bir də buna görə üzr istəyəcək. O doğrudan da bir daha üzr istəyib qayıtmağımızı təkid etdi. Biz isə göstərilən “servisə” görə minnətdarlığımızı bildirib oteldən çıxdıq. Administrator isə üzünü ofisiantlara çevirib başladı müştəri ilə necə “rəftar” etmək barədə dərs keçməyə.

– Ə, gördüz? Tfu sizin sıfatıza. Mən sizi ...

Maşınlara minib oteldən çıxdıq və arxasını daha eşitmədik. Amma söhbətin hansı məcrada gedəcəyini təxmin etmək çətin deyildi.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.