Ana səhifə :: Səyahət :: Türkiyə :: Istanbul
Yaranma tarixi:
Muzeylər
İstanbulda olduğum müddətdə getdiyim muzeylər barədə yadımda qalan məlumatlar ilə bölüşmək istəyirəm. Əgər çoxlu muzeyə gedəcəksinizsə sizə Muzey kartı almağı məsləhət görürəm. Qiyməti 72 TRY (30 EUR). Bu kart ilə 3 ğün ərzində əksər muzeylərə gedə bilərsiniz. Mən bu kart haqda eşidəndə artıq bir-neçə əsas muzeyə getmişdim. Bir də bu karta növbə var idi. Ona görə almadım. Topqapı sarayı və Sultanəhməd camisi tərəfdə iki yerdə bu biletləri satan treyler var idi. Bir də nəzərə alın ki, muzeylərin əksəriyyəti saat 16:00-da, bəziləri isə 16:30-da bağlanır. Ona görə kiçik muzeyə bağlanışa ən azı 45 dəqiqə qalmış daxil olmalısınız ki, heç olmazsa ötəri də olsa baxmağa vaxtınız qalsın. Topqapı və Arxeoloji muzeylər kimi iri muzeylərə isə heç olmazsa 2.5-3 saat vaxt nəzərdə tutun.
İstanbul Arkeoloji Müzeleri (Istanbul Archaeological Museums)
Bu bir neçə muzeyi özündə birləşdirir. Topqapı sarayının yanında yerləşır. Gülhanə bağının girişinin sağ tərəfindən qalxan dik yoxuş da ora gətirib çıxarır. Qiyməti 10 TRY. Bu muzeylərə muzey katı (Müzekart) ilə də daxil ola bilərsiniz. Elə bu muzeylərin girişində Müzekart biletləri satılır. Bu muzeylərdə müxtəlif dövrləri əhatə edən bir çox ekspanat var. Birinci muzeyə daxil olan kimi sarkofaqları görəcəksiniz. Makedoniyalı İskəndərin də sarkofağı buradadır.
Türk ve İslam Eserleri Müzesi (Museum of Turkish and Islamic Arts)
Bu muzeydə etnoqrafiya bölməsi mənim üçün ən maraqlı bölmə idi. Burada qədim evlərin və yurtların içində adi yaşam səhnələri modelləşdirilib. Müxtəlif qədim xalsa növləri və ornamentləri diqqəti cəlb edir. Biletin qiyməti – 10 TRY.
Sultamahmet Camisi
Bu camı İstanbulun simvoludur desəm, yanılmaram. Giriş pulsuzdur. Buraya hər zaman daxil ola bilərsiniz. Namaz saatlarında isə gəlib namazınızı qıla bilərsiniz. Abdəst almağa həyətdə cərgə ilə kranlar var. Türkiyədə hər məhəllədə camı var. Ümumiyyətlə Türkiyə məscidlərin sayına görə dünyada birinci yerdədir. Qəribədir ki, ərəb ölkələri və İran deyil, məhz Türkiyə ən çox camiyə sahibdir. Burada 80,000 məscid var. Əhalisi 2011-ci ilin statistikasına görə 75,000,000 olan ölkədə hər 937 nəfərə bir məscid düşür.
Dikilitaş
Sultanahmet camışının qarşısında iki dənə Dikilitaş deyilən sütun var. Bunların biri eramızın 390-cı ilinə təsadüf edir. Digəri isə ippodrom yarışlarında atlara dönüş nöqtəsini işarə vermək üçün qoyulubmuş. Burada bir dənə də Yılanlı Sütun deyilən, 4-cü yüzillikdə bürüncdən hazırlanmış üç dənə bir-birinə sarılmış ilanı təsvir edən bir sütun var. 17-ci yüzillikdə hələ ilanların başları yerində idi. Sonra nə zaman bu başlar yoxa çıxıb, bilən yoxdur. Daha sonra bu başlardan biri tapılıb. İndi həmin ilan başı Arxeologiya Muzeyində saxlanır.
Ayasofya Müzesi (Hagia Sophia Museum)
Bu muzey əvvəlcə kilsə olubmuş. Sonradan, Osmanlı imperiyası dövründə camı kimi fəaliyyət göstərməyə başlamışdır. Buna görə müəyyən arxitektur dəyişikliklər edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Hər tərəfi daş ilə döşənib. Minbərlərdən biri qirmizi rəngdədir. İkinci mərtəbəyə pilləkən ilə deyil, dolanbac yoxuşlu yol ilə qalxacaqsiniz. Giriş qiyməti 20 TRY. Bayırda namaz qılmaq istəyənlər üçün ayrıca giriş var.
Topqapı baxçası yaxınlığında bir çarsının daxilində Büyük Saray Mozaikleri Müzesi-ni gördüm, amma bu muzey o zaman təmirə bağlı idi.
Topkapı Sarayı Müzesi (Topkapi Palace Museum)
Mən birinci gün bu muzeyə bilet ala bilmədim. Növbə çox olduğundan qərara aldım vaxtımı digər muzeyləri gəzməyə sərf edim. İkinci gün isə səhərdən planlaşdırıb bu muzeyə getdim. Bu muzeyə yarım gün vaxtiniz gedəcək. Topqapı muzeyinə giriş 20 TRY və ya müzekart ilədir. Mən buranı ziyarət edərkən muzeyin bir hissəsi təmirə bağlı idi. Bu muzeyin içərisində daha bir Harem Müzesi də var ki, bura daxil olmaq üçün əlavə bilet alamalısınız. Əgər hər iki muzeyə getməyi planlaşdırırsınızsa, onda tam bir gününüzü bura həsr etməlisiniz. Müzekart Harem muzeyində keçərli deyil. Bilet almalısınız. Mənim vaxtım az olduğundan və Topqapıda kifayət qədər yorulduğumdan daha bu muzeyə girmədim. Əvəzində isə qalan vaxta Yerebatan Sarnıcı və İslam Elm və Texnologiyaları Muzeyinə gedə bildim.
Topqapı muzeyi çoxlu kiçik otaqlardan ibarətdir. Bilet üçün növbə az imiş kimi, burada da əksər otaqlara daxil olmaq üçün növbəyə duracaqsınız. Bu növbələr əsasən müxtəlif dövrlərdə osmanlı sülaləsinin başçılarına bağışlanan və sultan saraylarında olan zinət əşyalarının saxlanıldiği otaqlar qarşısında olur. Bir də müqəddəs peyğəmbərimiz və onun əsabələrinə aıd əşyaların saxlanıldığı otaqlar xüsusi marağa səbəb olduğundan buralarda da böyük növbə olur.
Topqapı muzeyində Musa Peyğəmbərin Quranda adı çəkilən məşhur əsası, İbrahim peyğəmbərin və Həzrət Yusifin papaqları, Məhəmməd Peyğəmbərin (s.a.s) qılıncları, su içdiyi qab və ayağının izi, Həzrət Əlinin qılıncı, Əbu Bəkr və Ömərin qılıncları, Həzrət Fatimənin və İmam Hüseynin geyimləri, və s. bu kimi əşyalar saxlamaqdadır.
Bü şəkildə gördüyünüz sünnət otağıdır(sünnet odası). Sultan İbrahim tərəfindən 1640-cı ildə tikdirilib. Burda şahzadələrin sünnət toyları qeyd edilərdi.
Topqapı meydanından çıxışa gedərkən sağ tərəfdə bir muzey də var. Bu Aya İrini muzeyidir. Amma bu muzey də mən olduğum müddətdə bağlı idi.
İslam Bilim ve Teknoloji Tarihi Müzesi (Museum of The History of Science and Technology in Islam)
Bu muzeydə bir çox məşhur türk alimlərinin müxtəlif sahələrdə kəşf etdikləri cihaz və alətlərin orijinal və prototipləri ekspozisiya edilir. Burada astronomiyada günümüzədək istifadə edilən günəş və ulduzların bir-birinə nəzərən bucaqlarını ölçən cihazlar, müxtəlif günəş və qum saatları, təbabətdə o zaman istifadə olunan alətlər, döyüş alətləri, müxtəlif su və buxar ilə işləyən mühərriklər, kimya sahəsindəki nailiyyətləri əks etdirən video-çarxlar göstərilir.
Bu muzeydə tibbə aid maraqlı bir filmə baxdım. 10-cu yüzillikdə sən demə artıq gözdə mirvari suyunun cərrahı əməliyyatı aparılırmış. Əli əl Mevlisi adlı təbib özünün icad etdiyi ikitərəfli iti və daxilində kiçik kanal olan lanset ilə göz qişasını yandan kəsib bəbəyin altındakı mirvari suyunu (kataraktanı) elə həmin lansetin kanalı ilə də çəkirmiş. Bu alət 18-çi əsrə qədər dəyişməmiş olaraq istifadə edilib.
Bütün muzeylərdən ən ucuzudur. Giriş qiyməti 5 TYL. Müzekart da keçərlidir.
Yerebatan Sarnıcı (The Basilica Cistern)
Bu eramızın 532-ci ilində tikilmiş İstanbul su anbarıdır. Hazırda muzey kimi fəaliyyət göstərir. Bu muzeyə getməyi heç planlaşdırmırdım. Topkapıya növbəyə dayandıqda növbədə duran digər azərbaycanlı mənə təriflədi ki, mütləq baxmağa dəyər. Bu yeraltı su anbarı Roma İmperatoru Justinianus tərəfindən tikilmiş və uzunluğu 140, eni isə 70 metrdir. Sahəsi 9800 m2-dir. Bir-birindən 4.9 metr məsafədə olan 336 mərmər sütun üzərində qurulub. Su buraya şəhərin 19km-dən axıb gəlirmiş. Girişin qiyməti 10 TYL. Müzekart deyəsən burada işləmir.
Sol tərəfdə gördüyünüz Meduza Qorgonanın iki başıdır. Nəyə görəsə iki sütünun altına qoyulub.
Əgər bu məlumatdan Siz həqiqətən yeni bir şey öyrəndinizsə, və ya sizi maraqlandıran suallarınızdan bəzilərinə cavab tapdınızsa, bu barədə öz fikrinizi aşağıda bildirin.
Digər məqalələr
İstanbul barəsində
Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.
Türkiyədə ictimai nəqliyyat
Türkiyədə ictimai nəqliyyat haqda. Türkiyədə avtobus, tramvay, metro və metrobus işləyir. Bir də şəxsi-ictimai nəqliyyat var.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.