Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Fellərin şəkildəyişməsi

Burada felin bütün şəkilçilərini qeyd etməklə onun necə şəkildəyişməsinə baxacağıq. Yəni felin başlanğıc formasını götürüb ona qrammatik şəkilçilər əlavə etməklə bütün mümkün söz formalarını alacağıq. Bizim alqoritmdə ümumi şəkilçi əlavə edən metod olmalıdır ki, Azərbaycan dilinin ahəng qanununa uyğun olaraq şəkilçiləri əlavə etsin və bu zaman mümkün ola biləcək şəkildəyişməni həyata keçirə bilsin.

Əvvəl bütün felin şəkilçiləri üçün ümumi olan cəhətləri sadalayaq.

Azərbaycan dilində şəkilçilər yazılışına görə 3 növdə olur: dörd cür yazılan şəkilçilər (-mış, -miş, -muş, -müş), iki cür yazılan (-malı, -məli) və bir cür yazılan (-kar, və ya -keş). Bir cür yazılanlar leksik şəkilçi olduğuna görə bizi maraqlandırmır. Ona görə biz iki cür və dörd cür yazılan şəkilçilərin sözlərə əlavə olunmasına baxacağıq.

Əvvəlcə dörd cür yazılan şəkilçilərə baxaq. Aşağıdakı sözlərə diqqət yetirin:
gəl-di, bil-di, get-di
gör-dü, hür-dü
anla-dı, yuxula-dı
otur-du, dol-du

Bu misallardan görünür ki, sonuncu hecasında ə, i, e saitləri olan sözlər i ilə olan şəkilçi, üö saitləri olan sözlər ü variantlı şəkilçi, a, ı saitləri ilə bitən sözlər ı variantlı şəkilçi, o, u olan saitlər isə u variantlı şəkilçi qəbul edir. Bu saitlərin ümumi cəhətlərinə baxsaq belə bir mülahizə yeritmək olar:
əgər sözün son hecasına dodaqlanmayan incə sait daxildirsə, i saitli şəkilçi qəbul edir
əgər sözün son hecasına dodaqlanan incə sait daxildirsə, ü saitli şəkilçi qəbul edir
əgər sözün son hecasına dodaqlanmayan qalın sait daxildirsə, ı saitli şəkilçi qəbul edir
əgər sözün son hecasına dodaqlanan qalın sait daxildirsə, u saitli şəkilçi qəbul edir

İndi iki cür yazılan şəkilçilərə baxaq. Burada məsələ daha sadədir:
incə saitli heca ilə bitən sözlər ə saitli şəkilçi qəbul edir
qalın saitli heca ilə bitən sözlər a saitli şəkilçi qəbul edir

Bunları ümumiləşdirib cədvəl şəklində vermək olar.

  4 cür yazılan şəkilçilər
dodaqlanmayan saitli heca ilə bitən sözlər
4 cür yazılan şəkilçilər
dodaqlanan saitli heca ilə bitən sözlər
2 cür yazılan şəkilçilər
incə i ü ə
qalın ı u a

Dörd cür yazılan şəkilçilərin üzərinə 4 (-dır4), iki cür yazılanların üzərinə 2 (-malı2) yazacağıq.

İndi keçək digər məsələyə. -ım, -im, -um, -üm və ya -am, -əm kimi şəkilçilər sonu saitlə bitən sözlərə əlavə olunarkən, şəkilçidən əvvəl ‘y’ əlavə olunur, gəlməli-y-əm, işlə-y-im, və s. Bu qayda bütün fellərin qrammatik şəkilçiləri üçün doğrudur. On görə şəkilçi əlavə edən funksiya (metod), gərək sözün sonuna baxsın. Əgər söz saitlə bitərsə və əlavə olunan şəkilçi də saitlə başlarsa, gərək araya ‘y’ əlavə olunsun.

Bəzi hallarda ‘t’ samiti ilə bitən felə saitlə başlayan şəkilçi əlavə olunarkən ‘t’ hərfi ‘d’ ilə əvəz olunur. Bu xüsusiyyəti 700-ə yaxın ‘t’ ilə bitən fel üzərində araşdırma aparıb belə bir nəticəyə gəldik.

Əgər fel bir hecadan ibarətdirsə və sözdə ‘e’ saiti varsa (et, get), onda bu sözə saitlə başlayan şəkilçi əlavə olunarkən t → d  əvəzləməsi aparılır (ge-d-im, e-d-irlər). Digər hallarda birhecalı sözlərdə 't' olduğu kimi qalır, məsələn: yort-um, sat-ım, ört-ər, tut-aq, dürt-üm, bit-ər, çıt-ar. Burada hər saitə bir misal çəkmişik. Sonuncu sözün mənasını soruşmayın. Mən də bilmirəm. Orfoqrafiya lüğətində ‘t’ ilə bitib ‘ı’ saitini saxlayan tapdığımız yeganə birhecalı fel çıtmaq oldu. ‘ə’ saiti ilə birhecalı və sonu ‘t’ olan fel ümumiyyətlə tapa bilmədiyimizdən bu saitə misal çəkə bilmədik.

Çoxhecalı fellərə saitlə başlayan şəkilçi artırarkən isə t → d  əvəzləməsi həmişə aparılır, məsələn:
dartıb-uzat – dartıb-uza-d-ım
ağart ­– ağar-d-ım
ovut – ovu-d-um
böyüt – böyü-d-üm
mələt – mələ-d-ir
işlət – işlə-d-ib
gətirt – gətir-d-ək
dağıt – dağı-d-ır

Bu misallar a, u ü, ə, i, ı saitlərini əhatə edir. Milli sözlərimizdə e, o, ö saitləri sözün son hecasında işlənmir. Fellər isə ya Azərbaycan sözləridir, ya da ki, sözlərin sonuna milli leksik şəkilçi əlavə olunmaqla düzəlir. Yuxarıda birhecalı və çoxhecalı söz termini defislə yazılan sözlərə şamil edilərkən sözün ikinci hissəsi nəzərdə tutulur, məsələn yıxıb-uçurt feli çoxhecalı, dartıb-uzat feli isə birhecalı söz qaydası ilə şəkilçi qəbul edəcək.

Daha bir məqamı qeyd edək. Əgər felin sonu ‘q’ ilə bitirsə -am, -ıq şəkilçiləri əlavə edilərkən q → ğ əvəzləməsi aparılır, al-acaq – al-acağ-am, al-acağ-ıq. Əgər felin sonu ’k’ ilə bitərsə, -əm, -ik şəkilçiləri əlavə edilərkən k → y əvəzləməsi aparılır, işlə-yəcək – işlə-yəcəy-əm, işlə-yəcək-sən. Göründüyü kimi bu hal qəti gələcək zamanda, I şəxsin təki və cəmində baş verir. -acaq, -əcək şəkilçiləri iki cür yazılan şəkilçilər olduğu üçün bu şəkilçilərdən sonra -uq-ük şəkilçiləri gələ bilməz.

Ümumi cəhətləri qeyd etdikdən sonra keçək felin şəkillərinə. Söz formalarını generasiya edərkən aşağıdakı fel şəkilləri ilə işləyəcəyik.

Hər bir hal üçün şəkilçilərə ayrı-ayrılıqda baxarkən idi, imiş, isə hissəciklərinin şəkilçiləşmiş formalarını və mi ədatını da nəzərdən keçirəcəyik. idi ədatı felin hekayəsini, imiş ədatı felin rəvayətini, isə ədatı şərtini, mi isə sualını yaradır.

 

Felin xəbər şəkli (indiki zaman)

Felin bu şəkli kökə və ya başlanğıc formaya zaman və şəxs şəkilçisi əlavə edilməklə düzəlir. İndiki zamanı düzəltmək üçün felin sonuna -ir4 şəkilçisi və şəxs şəkilçisi əlavə olunur. İnkarı düzəltmək üçün isə -mır4 şəxs şəkilçisi əlavə edilir. Şəxs şəkilçiləri bunlardır: -am2, -san2, 0, ıq4, sınız4, -lar2. Fel indiki zamanda III şəxsin təkində şəkilçi qəbul etmir. Bunu 0 ilə işarə etmişik.
idi hissəciyi qəbul edərkən şəxs şəkilçiləri belə olur: -m, -n, 0, -q2, -nız4, -lar2. Məsələn: gəl-ir-di, gəl-ir-di-m, gəlirdiniz. Bu hissəcik -di4 formasında zaman şəkilçisi ilə şəxs şəkilçisinin arasına əlavə olunur.

imiş hissəciyi -mış4 kimi həm zaman şəkilçisi ilə şəxs şəkilçisinin arasında, həm də şəxs şəkilçisindən sonra əlavə oluna bilir. Bu zaman şəxs şəkilçiləri -am2, -san2, 0, -ıq, -lar olaraq qalır, al-ır-lar-mış, al-ır-mış-lar.

isə hissəciyi şəkilçiləşmiş halda -sa2 kimi ən axıra əlavə edilir və bu şəkilçi hətta idi, imiş hissəciklərinə də qoşula bilir. Tək əlavə olunarkən şəxs şəkilçiləri -am2, -san2, 0, ıq4, sınız4, -lar2 olur. -dı4, -mış4 şəkilçilərindən sonra işlənərkən şəxs şəkilçiləri həmin şəkilçilərə uyğun qəbul edilir.

mi sual ədatı həm şəxs şəkilçisindən sonra, həm də idi ədatından sonra işlənir. imişisə hissəciklərindən sonra işlənmir.

Deyilənləri hər bir hal üçün sxematik belə göstərmək olar. isə hissəciyi sona artırıldığı üçün bunu ayrica hal kimi qeyd etmirik.

Sadə forma fel + [m] + ir4 + (am2, san2, 0, ıq4, sınız4, lar2) + [sa2/mi4]
idi fel + [m] + ir4 + di4 + (m, n, 0, q2, nız4, lar2) + [sa2/mi4]
imiş fel + [m] + ir4 + miş4 + (am2, san2, 0, ıq4, siniz4, lar2) + [sa2]
fel + [m] + ir4 + (am2, san2, 0, ıq4, siniz4, lar2) + miş4 + [sa2]

[] mötərizə daxilindəki şəkilçi həm qoşulmuş halda, həm də bu şəkilçisiz variant mümkündür. Daxildəki xətt (/) isə və ya anlamına gəlir. Yəni [sa2/mi4] yazılışı ya -sa2, ya -mı4 şəkilçisinin qoşulması, ya da heç bir ədatsız variant deməkdir. Göstərilən şərtlər daxilində felin indiki zaman formasının bütün şəkillərini tam generasiya etmək mümkündür.

 

Felin xəbər şəkli (keçmiş zaman)

Felin keçmiş zaman formasının şühudi keçmiş (-di4) və nəqli keçmiş (-mış4, -ib4) hallarına ayri-ayriliqda baxacağıq. Çünki fel bu formaların hər ikisində eyni şəkilçi qəbul etmir.

Şühudi keçmiş düzələrkən -di4 şəkilçisi, inkarda -ma2 şəkilçisi və -m, -n, 0, -q2, -nız4, -lar2 şəxs şəkilçiləri qəbul edilir. Şühudi keçmişə yalnız isəmi hissəcikləri qoşula bilər.

Sadə forma fel + [ma2] + dı4 + (m, n, 0, q2, nız4, lar2) + [sa2/mi4]

Nəqli keçmiş iki cür düzəlir. Əgər -mış4 şəkilçisi ilə düzəlirsə felin bütün hissəciklərini qəbul edə bilir. Şəxs şəkilçiləri hissəciklərdən asılı olaraq dəyişir. III şəxsin təkində -dır4 şəkilçisi ilə də işlənir (gəl-miş, gəl-miş-dir). Bu şəkilçi idi, imiş hissəcikləri ilə işlənə bilmir.

Sadə forma fel + [ma2] + mış4 + (am2, san2, [dır4], ıq4, sınız4, lar2) + [sa2/mi4]
idi fel + [ma2] + mış4 + di4 + (m, n, 0, q2, nız4, lar2) + [sa2/mi4]
imiş fel + [ma2] + mış4 + miş4 + (am2, san2, 0, ıq4, siniz4, lar2) + [sa2]
fel + [ma2] + mış4 + (am2, san2, 0, ıq4, siniz4, lar2) + mış4 + [sa2]

Əgər nəqli keçmiş -ib4 şəkilçisi ilə düzəlirsə, bu zaman yalnız II və III şəxs şəkilçiləri qəbul edə bilir (-san2, 0, -sınız4, -lar2). idi hissəciyi də -ib4 şəkilçisi ilə işlənə bilmir. III şəxsin təki isə iki formada, həm şəkilçisiz, həm də -dır4 şəkilçisi ilə işlənir.

Sadə forma fel + [ma2] + ıb4 + (san2, [dır4], sınız4, lar2) + [sa2/mi4]
imiş fel + [ma2] + ıb4 + mış4 + (san2, 0, siniz4, lar2) + [sa2]
fel + [ma2] + ıb4 + (san2, 0, siniz4, lar2) + mış4 + [sa2]

İnkar halında -ib4 şəkilçisi -yıb4 kimi olacaq. Bu barədə ümumi hissədə yazmışıdıq.

 

Felin xəbər şəkli (gələcək zaman)

Felin gələcək zaman forması iki cür olur. Qəti gələcək zaman (-acaq2) və qeyri qəti gələcək zaman (-ar2).
Qəti gələcək zamanda şəxs şəkilçiləri -am2, -san2, 0, -ıq4, -siniz4, -lar2 olur. III təki həm şəkilçisiz, həm də -dır4 şəkilçisi ilə işlənir. Bu şəkilçi idi, imiş hissəcikləri ilə işlənə bilmir.

Sadə forma fel + [ma2] + acaq2 + (am2, san2, [dır2], ıq2, sınız2, lar2) + [sa2/mi4]
idi fel + [ma2] + acaq2 + di2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
imiş fel + [ma2] + acaq2 + miş2 + (am2, san2, 0, ıq2, siniz2, lar2) + [sa2]
fel + [ma2] + acaq2 + (am2, san2, 0, ıq2, siniz2, lar2) + mış2 + [sa2]

Fikir verin ki, -dı4, -dır4, -ıq4, -sınız4 şəkilçisləri 4 cür işlədildiyi halda burada yalnız iki forması münkündür. Çünki onlardan əvvəl qoşulan -acaq2 şəkilçisinin 2 növü müvcuddur.

Qeyri-qəti gələcək zaman düzələrkən, əgər fel ‘a’ və ya ‘e’ saiti ilə bitirsə, həm -yar2, həm də -r şəkilçisi qəbul edə bilər, istə-yər-əm – istə-rəm, bənzə-yər-əm – bənzə-rəm, oyna-yar-am, oyna-ram. Bu gələcək zaman formasında fel, hər vəziyyətdə fərqli şəkilçilər qəbul etdiyi üçün bunu sxemlərlə ifadə edək.

Sadə forma fel + [ar2/r] + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2/mi4]
Sadə forma inkarda fel + ma2 + (ram2, zsan2, z, zıq2, zsınız2, zlar2) + [sa2/mi4]
idi fel + [ar2/r] + dı2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
idi inkarda fel + ma2 + zdı2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
imiş fel + [ar2/r] + mış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2]
fel + [ar2/r] + (am2, san2, 0, ıq2, sınız2, lar2) + mış2 + [sa2]
imiş inkarda fel + ma2+ zmış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2]
fel + ma2 + (ram2, zsan2, z, zıq2, zsınız2, zlar2) + mış2 + [sa2]

 

Felin əmr şəkli

Bu, felin ən sadə formasıdır ki, kökə və ya başlanğıc formaya şəxs şəkilçisi əlavə edilməklə düzəlir, oxu-yum, gəl, düzəlt-mə-sin, gör-sünlər. Bu şəkildə fel yalnız mi4 ədatını qəbul edə bilir.

Sadə forma fel + [ma2] + (ım4, 0, sın2, aq2, ın2, sınlar2) + [mi4]

Felin əmr formasına xas -sana2  və -sanız2 ədatları da var ki, uyğun olaraq yalnız II şəxsin təki və cəmində işlənir. Bu ədatlar yalnız təsdiqdə olur.

Sadə forma II şəxsin təki və cəmində fel + [sana2/sanız2]

 

Felin arzu şəkli

Arzu şəkli felin kökü və ya başlanğıc formasına -a2 və şəxs şəkilçisi əlavə olunduqda düzəlir. Bu şəkilçi saitdən sonra qoşularkən -ya2 kimi olur. Bu barədə ümumi hissədə yazmışdıq, yaz-a-san, yaz-a, dinlə-yə-k. Arzu şəkli isə hissəciyi ilə işlənmir. imiş hissəciyi yalnız şəxs şəkilçisindən əvvəl qoşulur, al-a-ymış-lar, gəl-ə-ymiş-lər. Şəxs şəkilçisindən sonra qoşulan halda, qrammatik cəhətdən düzgün olsa belə bir çox fellər üçün absurd sözlər alınır, al-a-ylar-mış, ged-ə-ylər-miş. Ona görə biz yalnız şəxs şəkilçisindən əvvələ qoşacağıq. Əslində praktik danışıq dilində bu hissəcik yalnız III şəxsin təkində işlənir, gəl-ə-ymiş, bil-ə-ymiş. isəmi ədatlarını qəbul etmir.

Sadə forma fel + [ma2]+ a2 + (m2, san2, 0, q2, sınız2, lar2)
idi   fel + [ma2] + a2 + ydı2 + (m2, n, 0, q2, nız2, lar2)
imiş fel + [ma2]+ a2 + ymış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2)

 

Felin vacib şəkli

Vacib şəkil kökə və ya başlanğıc formaya -malı2 və şəxs şəkilçisi əlavə olunduqda düzəlir, al-malı-yam, gəl-məli-dirlər.

Sadə forma fel + [ma2] + malı2 + (am2, san2, dır2, ıq2, sınız2, lar2) + [sa2/mi4]
idi fel + [ma2] + malı2 + ydı2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
imiş fel + [ma2] + malı2 + ymış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2]
fel + [ma2] + malı2 + (am2, san2, y, ıq2, sınız2, dırlar2) + mış2 + [sa2]

 

Felin lazım şəkli

Bu hal tamamilə vacib şəklə oxşayır. Sadəcə olaraq -ası2 şəkilçisi ilə düzəlir və bu halda fel inkar şəkilçisi qəbul etmir.

Sadə forma fel + ası2 + (am2, san2, dır2, ıq2, sınız2, dırlar2) + [sa2/mi4]
idi fel + ası2 + ydı2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
imiş fel + ası2 + ymış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2]
fel + ası2 + (am2, san2, y, ıq2, sınız2, dırlar2) + mış2 + [sa2]

 

Felin şərt şəkli

Felin şərt şəkli -sa2 və şəxs şəkilçisi ilə düzəlir. Bu halda da fel isə hissəciyi ilə işlənmir. imiş hissəciyi arzu şəklində olduğu kimi yalnız şəxs şəkilçisindən əvvələ qoşulur.

Sadə forma fel + [ma2] + sa2 + (m, n, 0, q2, nız2, lar2) + [mi4]
idi fel + [ma2] + sa2 + ydı2 + (m, n, 0, q2, nız2, lar2) + [mi4]
imiş fel + [ma2] + sa2 + ymış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2)

 

Felin davam şəkli

Felin davam şəkli -maqda2 şəkilçisi ilə düzəlir və inkar şəkilçiləri qəbul etmir. Şəxs şəkilçiləri eynilə felin lazım formasındakı kimidir.

Sadə forma fel + maqda2 + (am2, san2, dır2, ıq2, sınız2, dırlar2) + [sa2/mi4]
idi fel + maqda2 + ydı2 + (m, n, 0, q2, nız2, lar2) + [sa2/mi4]
imiş fel + maqda2 + ymış2 + (am2, san2, 0, ıq2, sınız2, lar2) + [sa2]
fel + maqda2 + (am2, san2, y, ıq2, sınız2, dırlar2) + mış2 + [sa2]

Bütün bu şəkillər üzrə felin hallanmasına bu linkdə praktil olaraq baxa bilərsiniz.

Digər məqalələr

Hecalama

Azərbaycan mətnini hecalara ayırmaq üçün müəyyən qaydalar var. Ən birinci qayda odur ki, Əvvəlcə onu deyək ki, sözlərdə olan saitlərin sayı qədər heca var. Samit səs özündən sonrakı saitin yaratdiği hecaya daxil olur..

Əsl Azərbaycan və türk sözlərinin tapılması

Zaman keçdikcə bütün dillərdə olduğu kimi Azərbaycan dilinə də yeni terminlər əlavə olunmuşdur. Alınma sözlər iki qrupa bölünür: ərəb-fars dillərindən alınma və rus, avropa dillərindən alınma sözlər.

Omonimlik problemi

Omonim sözlərin yazılışı, hətta deyilişi eyni olsa da onlar müxtəlif leksik məna ifadə edir. Bu cür sözlər təbii dilin analizində böyük problemlər yaradır.

Stop-sözlərin müəyyən edilməsi

Stop sözlər (doldurucu sözlər, nida, qoşma, ədat, modal) əslində təhlil baxımından mənasız sözlərdir. Bunların bəziləri danışarkən şəxsə fikirləşmək üçün vaxt qazanmaq imkanı yaradır, bəziləri isə emosional təsiri artırmaq üçün işlənir. Yazıda tək-tək də olsa rast gəlinir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.