Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət :: Gürcüstan :: Tiflis


Yaranma tarixi:

Tiflis taksiləri

Tiflis taksiləri

Tiflisdə qaldığımız mehmanxana mərkəzin 10-12 km-də idi. Ona görə mərkəzə taksi ilə gedirdik. Taksi mərkəzə 5 lariyə getsə də qayıdarkən həmin yolu 7-8 laridən ucuz gəlmirdi. Bunu mənə sürücü belə izah etdi ki, onlar müştərini mərkəzdə “tuturlar”. Mərkəzə gedən sürücülər isə artıq müştərini düşürüb yenidən qayıdanlardır.  Ona görə bu sürücüyə hətta 3-4 lari də versən səni aparacaq. Çünki onsuz da yeni müştəri üçün mərkəzə qayıtmalıdır. Gediş haqqını taksıyə minməzdən əvvəl sürücü ilə danışmalısınız. Yoxsa sonda sizdən 15 lari istəyəcək. Mərkəzdə yaşayan taksi sürücüləri ümumiyyətlə 10 laridən aşağı maşını tərpətmir. Bölgələrdən gəlmə sürücülərin hesabına sərfəli qiymətlərdən turistlər yararlanır. Burada bir məqamı qeyd etmək lazımdır ki, gəlmələr şəhəri yaxşı tanımır. Ona görə turistlər belə bir seçim qarşısındadır. Ya 10 lari verib rahat otelə qayıdırlar, ya da 7-8 lariyə sürücü ilə birgə şəhəri “öyrənirlər”. Biz birinci gün oteli tapmaq üçün taksiyə 14 lari verdik. Sonralar isə həmin 8 larilik taksilərə minib marşrutu özümüz göstərirdik.

Gürcüstan anası Mimino filminə abidə
Tiflisin mərkəzində Mimino filminə ucaldılmış abidə
Musiqili fəvvarə Qədim şəhərin küçələri

Ümumiyyətlə Tiflisdə yerli taksi şoferləri (onlara “şəhər uşaqları” demək olar) şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən. Bir belə yerli şofer elə hey “gəlmələrdən” gileylənirdi. Gəlmələr deyərkən bölgələrdən qazanc üçün Gürcüstana üz tutan sürücüləri nəzərdə tuturdu. Dedi ki, turizmin inkişafı ilə əlaqədar gəlmə sürücülərin sayı xeyli artıb. O özü gündə 100 ları qazanırsa, onun 50 larisini ailəsinə xərcləyir, 20 lariyə axşamlar kafedə oturub çaxır içir, 30 larini isə, dediyinə görə “arxaya” atır. Yəni bilmək olmur maşının nə xərci çıxacaq, və ya evdə nə problem ola bilər. Gəlmələr isə 50 lari qazanıb 30 larisini kəndə, ailəsinə göndərir. Özü isə 20 lariyə Tiflisdə yaşayır. Maşının içində yatır, baqajda gəzdirdiyi kiçik qaz pilətəsi ilə xörəyini bişirir.

Əksər taksilərin sükanı sağda idi. Bunu səbəbini soruşanda dedilər sükanı sağda olan yapon avtomobilləri çox ucuz olur. Aldıqdan sonra yerini dəyişmək 1000 ABŞ dollarına başa gəlir. Ona görə demək olar ki, heç bir sürücü bunu özünə rəva bilmir.

Digər məqalələr

Tiflis
Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Gürcüstan
Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Kaxetiyada şərab muzeyi
Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Mtatsminda dağı və dağüstü park
Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Tiflis zooparkı
Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.