Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

İnfobiznes nədir?

infobiznes

İnternet vasitəsilə pul qazanmağın növlərindən biri də infobiznesdir. Bir zamanlar PPC (Pay Per Click) reklamların gur vaxtlarında Google Adsense reklamlarına hesablanmış MFA (Made for Adsense) saytlar populyar idi. Sonra heç bir məzmunu olmayan bu cür saytlar göbələk kimi artıb çoxalmağa başlandı. Qazanc isə get-gedə azaldı və bu cür saytlara qarşı axtarış sistemləri tərəfindən sanksiyalar tətbiq edilməyə başlandı.

Sonra tərəfdaş proqramları internet vasitəsilə pul qazanmaq arzusunda olanların marağını çəkməyə başladı. Rusca bu proqramlara partnyor proqramı, ingiliscə affiliate program deyirlər. Elə indi də internet vasitəsilə al-ver edən saytların əksəriyyətinin tərəfdaş proqramı  var. Bu proqram əsasən bloqqer və veb proqramçılara maraqlıdır. Bu biznes də o qədər geniş vüsət aldı ki, tərəfdaş şəbəkələri və aqreqatorlar yaradıldı və müxtəlif sahələr üzrə tərəfdaş proqramlarını özlərində birləşdirdilər. Burada həm PPC həm də PPA (Pay Per Action) və PPL (Pay Per Lead) vasitəsilə pul qazanmaq mümkün idi. Nə isə bu terminlərin mənasını açıqlamaqla vaxtınızı almaq istəmirəm. Bu məqalənin məqsədi olan infobiznes barəsində danışmaq istəyirəm.

Bütün məqaləni oxumağa hövsələsi olmayanlara qısa olaraq bu biznesin tərifini verirəm.

İnfobiznes - hər hansı sahədə malık olduğunuz biliklərin internet vasitəsilə satılmasıdır.

Burada sual meydana çıxır. Bəs necə satmalı? Ona görə bu tərifi açıqlayaq. Tutaq ki siz ağac üzərində gözəl oymalar edə bilirsiniz. Bu biliklərlə, əlbəttə ki pul müqabilində, kimilərlə isə bölüşmək istərdiniz. Əvvəllər bunun üçün sayt düzəldir, dar ixtisaslı bloq yaradırdılar. Sonra videobloqlar populyarlaşdı. Bloqun qazancı əsasən saytda yerləşdirilən reklamlardan, tərəfdaş proqramlarından və pullu məqalə və keçidlərdən ibarət idi. Bunların hamısının olması üçün gərək sayt axtarış sistemlərində yaxşı indeksləşib axtarışda 1-ci səhifədə çıxsın. Buna isə nail olmaq o qədər də asan olmayıb həm vaxt, həm də kapital qoyuluşu tələb edir. Nəticəni isə bəzən illərlə gözləməli olursunuz. Xüsusən də axtarış sistemlərinin saytların qiymətləndirilməsinə yanaşması dəyişdikcə müxtəlif səbəblərdən sayt ban edilə (axtarışdan çıxarıla) bilər.

Fikir verin. İnformasiyanı maraq auditoriyasına çatdırmaq üçün axtarış sistemləri sizin üçün başlıca, bəzən yeganə vasitədir. İnformasiya bazarı isə o qədər ifrat dolmuşdur ki, buna nail olmaq heç də asan iş deyil. Bu bloqların əsas problemidir. Ona görə də bloq yaradarkən bloqqerlər mikro-sahə (micro niche) axtarıb bloq üçün semantik nüvəni məhz bunun üzərində qururlar. Çünki burada auditoriya kiçik də olsa, bu auditoriya məlumata daha çox maraq göstərir. Ona görə mən misalı məhz ağac üzərində oyma kimi kiçik sahədən başladım.

İndi həmin ağac üzərində oyma misalını infobiznesə tətbiq edək. Burada siz sayt deyil, bu sahəni lazımınca xırdalayıb açıqlaya bilən dərslik hazırlayırsiniz. Bu dərsliklər əvvəl e-kitab şəklində olurdu. İndi isə əhalinin kitaba olan marağının ildən-ilə azalmasını nəzərə alaraq infobiznesmenlər daha çox video dərsliklərə üstünlük verirlər.

İnfobiznesin təşkili qaydası

Müxtəlif sahələri əhatə etsə də informasiya satışı təxminən eyni sxem üzrə aparılır. Əvvəl Hollivud filmlərində olduğu kimi bir neçə treyler çəkilir. Bu videolarda əsasən qazancdan və kimlərinsə müvəffəqiyyət  tarixçəsindən danışılır. Bu cür məlumat mikro saytlara yerləşdirilir. Bu cür bir səhifəli mikro saytların yaradılışı ayrıca bir bacarıq tələb edir. Bu cür təqdimat saytları seyr edicini şüur-altı olaraq müştəriyə çevirməyə yönəlib. Məqsəd seyrçilərdə intriqa yaratmaqdır. Sonra daha geniş məlumatın əldə edilməsi üçün istifadəçinin e-poçt ünvanı soruşulur. Ünvanın doğruluğu yoxlanıb bu ünvana daha bir “dərs” göndərilir. Hər dərsə baxış zamanı tez-tez “maraqlıdırsa bizi layk edin” və bu kimi çağırışlar səslənir. Bunda da məqsəd sosial şəbəkələr vasitəsilə daha geniş auditoriya toplamaqdır. Sizin bəyəndiyinizi görən dostlarınız da bu sahəyə maraq göstərə bilər, və ünvanı onlar da paylaşa bilər.

Sonra müəyyən tezliklə sizin e-poçt ünvanı müxtəlif yeni havayı dərslərlə bombardman edilir. Arabir onların içində “sərfəli” təkliflər də olur. Həm poçt, həm sosial şəbəkə vasitəsilə pozision aqressiv reklama məruz qalırsınız. Bəzən siz özünüz də bilmədən dolayısı ilə bu məhsulu sosial şəbəkədə paylaşıb reklam edirsiniz. Bu da virus reklamıdır. İnfobiznesin əsas məqsədi müştəri bazası yaratmaqdır. Bu bazaya infobiznesmenlər boş yerə “qızıl mədəni” demirlər. Belə baza onların biznesini axtarış sistemlərində asılılıqdan xilas edir. İlkin bazanı yığmaq üçün isə reklam qaçılmazdır. Sonra isə virus reklamı, ağızdan-ağıza marketinqi, öz işini görür. Bir də infobiznes tərəfdaş proqramı da təklif edir. Siz müştəri cəlb edir, onların ödənişindən qazanc əldə edirsiniz. Bu qazanc bəzən ilkin ödənişin 70%-nə qədər çatır. Nəzərə alsaq ki digər sahələrdə tərəfdaş proqramları 10% civarında gəlir verir, bu çox böyük məbləğdir. Hətta bəzən ikincili tərəfdaş proqramları olur. Yəni sizin cəlb etdiyiniz müstəri deyil, tərəfdaş olsa, onun da cəlb etdiyi müştərilərdən sizə faiz düşür. Çox olmasa da, düşür.

Deyəcəksiniz ki, bunları başa düşdük, bəs qazanc haradadır. Sizin alış etmək üçün hazır olduğunuzu hiss edən kimi sizə “maraqlı” təklif göndərilir. Sizə adı çəkilən məbləğlərin müqabilində təşkil olunacaq mühazırələrin qiyməti çox kiçik görünür. Xüsusən də “müəllimin” hətta tələbəlik dövrünüzdə bu məbləği ev tapşırığı edərkən çıxaracağınıza verdiyi vədlər sizi daha arxayın edir.  Siz artıq maraq göstərən şəxsdən müştəriyə çevrilirsiniz və ödəniş edirsiniz.

Bu mühazirələrə kouçinq deyirlər. Kouçinq həm internet vasıtəsilə, həm də real auditoriya qarşısında keçirilə bilər. Müasir infobiznes auditor kouçinqə üstünlük verir. Burada dinləyicilərin hər birinin reaksiyasını dərhal hiss edib auditoriyanı ələ almaq daha asandır.

Qazancın məbləği

Bu sahədə qazancın məbləği ağlınıza gətirə biləcəyiniz istənilən ölçüdə ola bilər. Hətta bir aya 50,000 USD qazanc da bu sahənin limiti deyil. Bu rəqəmi qazanan şəxsin internetdə çıxışını gördüyümdən, bu misalı çəkdim.

Burada müştəri bazası üzərində manipulyasiya edərək də qazanc əldə etmək olar. Məsələn, sizin sahəyə yaxın auditoriya tələb edən, lakın tamamilə digər infoməhsul təklif edən infobiznesmenlər üçün birdəfəlik e-poçt reklamının təşkili buna misal ola bilər. Yeni biznesmenlərin öz müştəri bazası olmadığı üçün bu cür təkliflər həmişə olur.

Daha bir qazanc kimi, siz müştərilərinizə digər tərəfdaşlıq etdiyiniz infoməhsulu təklif edib oradan faiz əldə edə bilərsiniz.

Sualtı daşlar

Əgər məqaləni bura qədər oxumusunuzsa, onda sizə bu biznesin adı insanlar üçün çatışmayan cəhətini deyim. İnfobiznes ilə məşğul olmaq üçün birinci növbədə yaxşı natiq olmalısınız. Siz gərək dinləyiciləri ələ ala biləsiniz. İkinci vacıb faktor psixologiyadır. Gərək çağırışları ünvanladığınız təbəqənin səviyyəsini, bəzən isə mentalitetini də nəzərə alasınız. Sizin üçün nümunə kimi göstərilən insanlara baxsanız, görəcəksiniz bu sahədə uğur qazanan şəxslər özləri biznesmen təbiətlidirlər. Yəni bu biznesdən əvvəl də onlar nə isə satıb, və ya hansı isə xidmət sahəsində fəaliyyət göstəriblər. Yəni real müştəri ilə işləyiblər. Siz isə əgər həmişə hansısa şirkətdə kiminsə rəhbərliyi altınada işləmisinizsə və müştəri axtarışı ilə məşğul olmamısınızsa, bir sözlə heç nə satmamısınızsa, bu biznes sizin üçün deyil. Bir də hər mövzuya aid onlarla, bəzən yüzlərlə infoməhsul olan sahəyə baş vurub burada müştəri bazası toplamaq asan iş deyıl.

Əgər infobiznes sahəsində tətbiq olunan aqressiv reklam vasitələrini real həyatda biznesə tətbiq edə bilsəniz, inanın ki, nəinki məhsulları, hətta satıcı və kassa aparatı ilə obyektin binasını da sata bilərsiniz.

Digər məqalələr

AIDA nədir və kimlərə lazımdır?

AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Bəs AİDA nədir və nə üçün lazımdır? Daha dəqiq desək bununla necə pul qazanmaq olar?

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.