Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət :: Gürcüstan


Yaranma tarixi:

Tiflis

Azadlıq meydanı
Tiflisdə Azadlıq meydanı

Tiflisdə son dəfə 20-22 avqust 2016-cı il tarixlərində olmuşam. Bundan əvvəlki səfərim ilə indiki səfər arasında 15 ildən çox müddət keçmişdi. Həm şəhərin görünüşündə, həm də yerli əhalının turistlərə münasibətində xeyli müsbət dəyişiklik hiss etdim. Şəhər turistlərlə dolu idi. Xüsusən ərəb, fars və hindlilər üstünlük təşkil edirdi. Tək-tük türklərə də rast gəlinirdi. Azərbaycanlılar da az deyildi. Yəqin ki, Türkiyədə son zamanlar ardıcıl baş verən terror aktları bu ölkəyə səfər edəcək turistlərin planlarını dəyişməyə məcbur etmişdi. Bu da Gürcüstanın turizm potensialına müsbət təsir etmişdi. Burada bir haşıyə çıxmaq istəyirəm.

Ümumiyyətlə Gürcülər qonşu dövlətlərdə gedən müharibə və hərc-mərclikdən həmişə xeyir götürməyi bacarıblar. Yaxın keçmişə nəzər salaq. Azərbaycan və Ermənistan arasındakı müharibədən ən çox xeyir götürən dövlət Gürcüstan oldu. Bu müharibədə Gürcüstan Azərbaycanın sərmayəsi hesabina bütün iqtisadiyyatını qaldırdı. Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tiflis-Ərzurum qaz kəmərini yada salın. Rəsmi Tiflis bu kəmərlərin çəkilişinə heç bir yatırım etmədən payçı kimi çıxış edir.

Hələ Bakı-Tiflis-Qars dəmir yolunu demirəm. Bu yolun yeni çəkiləcək Axalkalaki-Qars hissəsinin qiyməti ilkin olaraq 422 milyon ABŞ dolları olmalı idi. Bu məbləğin 202 mln. dolları Gürcüstanın payına düşürdü. 2008-ci ildə layihənin məbləği artıb oldu 600 mln. ABŞ dolları. Onda Azərbaycan bu xərcə Türkiyə və Gürcüstanla birgə şərik oldu. Bu da 200 mln dollar deməkdir. Bu pulun tranş “A” hissəsidir. Fikir verirsiniz, Gürcüstan Türkiyəyə dəmir yolu çəkir. Pulunu Azərbaycan ödəyir. Qazandığımız isə Azərbaycanın bununla Gürcüstandan Orta Asiya dəhlizi ilə Avropaya çıxışı olacaq.

Hələ bu azmış kimi, Azərbaycan öz hesabına Marneuli-Axalkalaki dəmir yolunu rekonstruksiya etməyi də öhdəsinə götürdü. Bunun isə məbləğı nə az nə azacıq 575 mln. dollar edir (bu da tranş “B”). Ümumilikdə edir 775 milyon ABŞ dolları. Gürcüstan isə bu məbləği dəmir yolu işə düşdükdən sonra 25 il ərzində Azərbaycana “qaytaracaq”. İndiki təzadlarla dolu cəmiyyəti və dünyanı bürüyən hərc-mərcliyi nəzərə alsaq 25 ilə nələr baş verəcəyini təsəvvür etmək belə mümkün deyil. Hətta hər şey qaydasında olsa belə, tarix özü şahiddir ki, gürcülər necə öz sözlərinin “ağasıdır”. Bunu istər XVIII əsrdə gürcü çarının Azərbaycan xanlıqları ilə bağladığı qarşılıqlı barışıq müqaviləsinə necə “əməl etməsi”, istərsə də adi insanlar arasında münasibətlərdən hiss etmək olur.

Tarixə müraciət etsək, XVIII əsrdə Azərbaycan xanlıqları dövründə hər bir xanlıq Azərbaycanı birləşdirməyə çalışırdı, təbii ki, öz hakimiyyəti altında. Sonda çoxsaylı daxili çəkişmələr xanlıqları qüvvədən salırdı. Hər bir belə “daxili məğlubiyyətdən” sonra Kaxetiya çarı II İrakli Azərbaycana yürüş edirdi. Bu da bayaq dediyim hərc-mərclikdən həmişə xeyir götürmək bacarığına daha bir misaldır.


Saat qülləsi
Kukla teatrının yanında qəribə Saat qülləsi

Nə isə, haşiyə bir az iri alındı. Qayıdaq Tiflisə. Mərkəzdə yalnız yaşlılar rus dilini başa düşür. Gənclərə sual verərkən çalışın ingilis dilində müraciət edəsiniz. Hətta bir dəfə pul dəyişərkən valyuta dəyişmə məntəqəsində işləyən qıza rus dilində sual verdim, çiyinlərini çəkdi. Eyni sualı ingilis dilində təkrar edərkən rusca tutuquşu kimi dil-dil ötdü.

Tiflisdə Heydər Əliyev prospekti və mərkəzdə, kükürd hamamları olan tərəfdə Heydər Əliyev parkı və parkın işində ulu öndərin abidəsi var.  Bu rayonda Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Firdovsi küçələri də var. Həmin rayonda dolaşarkən elə hey Azərbaycan dilində sözlər eşidirdik. Deyəsən həmin rayonda azərbaycanlılar məhəlləsi yerləşirdi.

Kükürd hamamları
Tiflisdə kükürd hamamları

V əsrdə Gürcüstan çarı Vaxtanq olub. Ona Qorqasali ləqəbini farslar verib. Fars dilindən tərcüməsi “qurd başı” deməkdir. Rəvayətə görə Vaxtanqın zirehli dəbilqəsinin üzərində qurd başı şəkli var imiş. Farslar döyüşdə “özünü qurd başından qoru!” deyırdilər. Tiflisin yaranması barədə də bir rəvayət var. Qorqasali Mtsxeti yaxınlığında meşədə ov edərkən onun şahin quşu bir qırqovulu yaralayır və yaralanmış quş ilə birlikdə bulağa düşür. Bulaq o qədər isti olur ki, quşların ikisi də bişib tələf olur. Bu hadisədən təsirlənən çar burada şəhər salmaq qərarına gəlir və şəhərin adını Tiflis, yəni İsti yer qoyur. Şəhər tikiləndən sonra paytaxt Mtsxetidən Tiflisə köçürülür.

Bu heykəl Kür çayının sahilində qaya üzərində 1970-ci ildə ucaldılıb. Arxadakı isə Metexi məbədidir.

Vaxtanq Qrqasali
Tiflis şəhərinin yaradıcısı Vaxtanq Qorqasalinin abidəsi
Mədəniyyət mərkəzi
Mədəniyyət mərkəzinin binası. Daxilində böyük konsert zalı var.
Sevastia Şəhidləri Monastırı
40 Sevastia Şəhidi Monastırı

Tiflisdə bir məqama da fikir verdim ki, bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Hətta, yalan doğru, bir taksi sürücüsü dedi ki, onların xəbərdarlıq etmədən atəş açmaq hüququ var. Bəlkə də buna səbəb şəhərdə gəzən çoxsaylı ərəb turistləri olub?!

Tiflisin yuxarıdan görünüşü

Orada olduğum müddətdə 1 ABŞ dolları 2.25 lari, 1 Azərbaycan manatı 1.3 lari məzənnəsi ilə dəyişdirilirdi.

Tiflis gecə

Digər məqalələr

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Gürcüstan
Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Tiflis taksiləri
Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Kaxetiyada şərab muzeyi
Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Mtatsminda dağı və dağüstü park
Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Tiflis zooparkı
Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.