Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət :: Gürcüstan :: Tiflis


Yaranma tarixi:

Mtatsminda dağı və dağüstü park

Kanat ilə qalxarkən
Televizita qülləsi
Funikulyor ilə düşərkən

Tiflisdə dağa qalxmaq üçün dörd yol var. Biri kanat yolu, digəri funikulyor, üçüncüsü, avtomobil yolu, dördüncüsü isə piyada. Bu dağın adına Mtatsminda deyilir. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir. Bu dağ Tiflis şəhərinin qərbində yerləşib hündürlüyü 770 metrdir. Bir zamanlar bu dağ ufoloqların diqqətini çox çəkirdi. Burada anomal hadisələr müşahidə olunurdu. 1985-1990-cı illərdə burada tez-tez uçan boşqablar müşahidə edilirdi. İndi nə isə bu söhbətlər artıq getmir. Bəlkə də bu, dağı turistlər üçün daha maraqlı etmək məqsədilə yayılan şayiə idi. Amma onu deyə bilərəm ki, Mtatsminda dağı hazırda Gürcüstan üçün əsl brenddir.

Mtatsminda dağında IX əsrdə tikilmiş kilsə olub ki, 1542-ci ildə onun yerində Nikolay və Davit qardaşları Müqəddəs Davit monastırını tikiliblər. Həmin monastır 1809-cu ildə tamamilə yararsız hala düşdüyündən, onu 1861-1871-ci illərdə rekonstruksiya edib “Mamadaviti” (tərcümədə Ata Davit deməkdir) adını veriblər. Rusiyanın səfiri Aleksandr Qriboyedov (1829-cu ildə) və onun həyat yoldaşı Nino Çavçavadze (1857-ci ildə) bu kilsənin yanında dəfn olunublar. Xatırladım ki Nino Çavçavadze məşhur Gürcü şairi Aleksandr Çavçavadzenin qizidir.

Biz bu dağa əvvəlcə kanat yolu ilə qalxdıq. Qalxan kimi aşağıya piyada düşmək üçün pilləkənin olduğunu aşkar etdik. Kanat ilə bir dəfə qalxmaq və ya düşmək haqqı 1 laridir. Kanat ilə qalxarkən dağüstü park görünmür. Bu hissədə bir qala, bir də Ana abidəsi var. Buna “Gürcüstan anası” abidəsi də deyirlər. Abidə 1958-ci ildə Tiflisin 1500 illiyi münasibətilə heykəltəraş Elquc Amaşukeli tərəfindən ucaldılıb. İlkin variant ağacdan olsa da 1963-cü ildə alüminium ilə əvəz olunub. 1990-cı ildə isə köhnə abidə tamamilə sökülüb yenisi ilə əvəz olunub.

Gürcüstan anası

Burada yerləşən qüllənin adı isə Narikaladır. Bu qalaya girişi axtarmasam da deyəsən aşağıya, şəhərə piyada düşmək üçün qoyulan yolun üstündə idi. Qalanın indiki görünüşündən bəlli idi ki, içəridə salamat bir tikili yoxdur. Dəqiq tarix bilinməsə də belə təxmin olunur ki, IV əsrdə farslar buranı hərbi istehkam kimi tikiblər və ilkin adı Şuris-Sixə olub. Sonra VIII əsrdə ərəb əmirləri bu istehkamın sahəsini genişləndiriblər. XII əsrdə bu qala divarlarının daxilində Müqəddəs Nikolay kilsəsi tikilib. Hazırki adını ona XVII-XVIII əsrlərdə monqollar veriblər. Yəqin ki, adı Narın-Qala olub. 1827-ci ildə baş verən zəlzələ qalani yararsız hala salmışdır. Sonra görülən restavrasiya işlərinin nəticəsində indi qala bu vəziyyətdədir.

Narikala qalası

Kanat yolu ilə qalxan kimi dağın arxa tərəfinə keçmək olur. Arxa tərəfdə hava tamamilə başqadır. Dağın şəhərə baxan hissəsi isti olur. Arxa tərəfə keçın kimi meşəyə gözəl mənzərə açılır. Bura qoruğu xatırladırdı. İstəyənlər pilləkən ilə düşüb gəzə bilər. Pilləkən ilə düşən yerdə kassa var idi. Soruşdum ki, bura meşədir, yoxsa nə? Kassada oturan dedi ki, bura botanika bağıdır və giriş pulludur.

Qalan iki yol (funikulyor və avtomobil yolu) dağüstü parka aparır.  Burada funikulyor 1905-ci ildə Belçikalılar tərəfindən tikilib. Dağın başında və aşağıda olan stansiyalardan başqa arada, yollar haçalanan yerdə də bir stansiya var. Amma orada vaqonlar dayanmır.

Biz dağüstü parka taksi ilə qalxdıq. Avtomobil yolunda Okrokana kəndi deyilən yerdə belə bir sahə var ki, avtomobili söndürüb neytral vəziyyətdə saxlasanız,  avtomobil arxaya getmək əvəzinə üzü yuxarı dağa qalxmağa başlayır. Bu fenomeni əvvəllər dağın yoxuş hissəsində kiçik sahənin enişli olması ilə izah edirdilər. Amma ölçmələr bu fikri təsdiq etmədi. Görünür burada güclü maqnit sahəsi var. Bəlkə də əvvəldə yazdığım üçün boşqabların stansiyası elə buradadır?! Xatırladım ki, eyni fenomen bizdə də var. Azərbaycanda Göy-Göldə, Xanlar rayon mərkəzi yaxınlığında da eyni hadisə müşahidə olunur.

Mtatsminda Park kartı

Dağüstü parka Mtatsmindapark deyirlər. Parka giriş pulsuz olsa da attraksionlarda ödəniş etmək üçün xüsusi kart almalısınız. Kartın qiyməti 2 laridir. Bu kart Metromoney kartından fərqli olaraq geri götürülmür. 2 lari verib alırsınız və pulunuzu bu karta yükləyirsiz. Funikulyor da bu kartla işləyir. Odur ki, kartı parkdan çıxan kimi tullamağa tələsməyin. Çünki hələ bu kart ilə qayıtmalısınız. Bir tərəfə gediş haqqı 2 laridir. Özü də uşaqlar üçün gediş haqqı da böyüklər kimi eynidir. Həmin kartın görünüşü solda verilib.

Biz parka qalxan kimi kafeyə getdik. Kafedən sonra parkda olan “Gülüş otağı” və “Kəpənək sərgisinə” getdik. Buradan çıxdıqdan sonra artıq hava qaralmışdı. Ona görə kart aldiqdan sonra cəmi iki yelləncəyə minə bildik. Bunlardan biri iri Şeytan təkəri (чертово колесо) idi. Onu deyim ki, kabinə girən kimi arxadan qapı germetik bağlanır ki, kim isə hündürlükdən qorxub özünü qeyri-adekvat aparsa oradan tullana bilməsin. Kabinə hava kondensionerdən daxil olur. İçəri elə soyuq olur ki, oturan adam elə saniyələri sayır ki, tezliklə aşağı düşsün. Təkərin diametri çox iridir və dağın qırağında quraşdırılıb. Əgər soyuqdan diqqətinizi yayındıra bilsəniz buradan açılan möhtəşəm görünüşə nəzər yetirin. Digər yelləncək isə əsl adrenalin axtaranlar üçün idi. Bu yelləncək fırlanarkən oturacaqlar öz oxu ətrafında da firlanırdı. Bu azmış kimi hələ yelləncəyin qolları səni sürətlə qaldırıb çırpırdı da. Ora yalnız böyük uşaq risk edib mindi. Sonra dinozavrlar parkına getmək istəyirdik gördük ki, saat 11 olub və bütün attraksionlar bağlanır. Bir az da dağüstü parkda gəzib funikulyora mindik.

Vaqona mindikdən sonra funikulyor hərəkətə başlamaq üçün kifayət qədər gözlədik. Vaqonların oturacaq yerləri dolduqdan sonra ayaq üstü yerlər də turistlərdə tam doldu. Yalnız bundan sora vaqonlar yola düşdü. Sonra internetdə oxudum ki 21 iyun 2000-ci ildə Tiflis funikulyorunda vaqonları dartan kabel qırılıb və 20 turist xəsarət alıb. Şükür allaha ki, ölən olmayıb. Bu hadisədən 16 il keçdiyindən, yəqin ki, gürcülərin yadından çıxıb və yenə də funikulyoru bakı avtobusları kimi turistlərlə tam yüklədikdən sonra yola salırlar. Bir də yəqin fikirləşirlər ki, qirilsa turistlər qırılacaq L. Gürcüstanda onlardan çoxdur.

Digər məqalələr

Tiflis
Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Gürcüstan
Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Tiflis taksiləri
Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Kaxetiyada şərab muzeyi
Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Tiflis zooparkı
Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.