Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət


Yaranma tarixi:

Gürcüstan

Gürcüstanda son dəfə 17-22 avqust 2016-cı il tarixlərində olmuşam. Daha öncələr bir dəfə Sovet dönəmində, bir dəfə də keçıd dövründə bura gələrkən yalnız Tiflis şəhərində olmuşdum. İndi isə avtomobil ilə səyahət etdiyim üçün Gürcüstanın bir neçə şəhərinə gedə bildim.

17 avqust tarixində Azərbaycanın Balakən rayonundakı keçıd məntəqəsindən Gürcüstanın Laqodexi şəhərinə daxil olduq. Laqodexi Kaxetiyada yerləşır. Üç gün Kaxetiyanın Şilda kəndində qaldıq. Bu 3 gün ərzində Kvareli, Telavi və Siqnaxi şəhərlərinə səyahət etdik.

Kaxetiya bölgəsi Gürcüstanın şərqində yerləşir. Paytaxtı Telavı şəhəridir. Kaxetiya Kax sözündən götürülüb ki, bu da rayonda məskunlaşan subetnik qrupun adı ilə bağlıdır. Bəlkə də Azərbaycanın Qax rayonunda yaşayan gürcülər də eyni qrupa mənsubdur. Amma bu gürcülər barədə oxudum ki, onlar ingiloy adlanır. Onu da deyim ki, Kaxetiyada Azərbaycanlı sayca Qaxdakı gürcülərdən qat-qat çox olardı. Bəlkə Kaxetiyada bir zamanlar Azərbaycanlılar daha çox olub və bu bölgə Qax rayonu ilə bir olub?! Etnoqraf olmadığım üçün Kaxetiyanın Azərbaycanın Qax rayonu ilə bir əlaqəsi olub-olmadığını təkcə ada əsaslanıb iddia edə bilmərəm.

İlias tba

Alazan vadisində Kvareli şəhəri yaxınlığında bir park və o parkın içində süni yaradılmış göl var. Adına İlias Tba (İlya gölü) deyirlər. Bu gölü sürətlə axan Duruci dağ çayı doldurur. Gölün adı XX əsrdə yaşamış gürcü yazıçı və ictimai xadimi İlya Çavçavadzedin şərəfinə verilib. Kaxetiyanın dənizə çıxışı olmadığı üçün əhalı çimmək üçün belə süni göl və çaylarla kifayətlənir. Biz bu göldə çimmədik, amma katamaran sürdük.

İlias tba
İlya gölu

Qremi muzeyi

XVI əsrdə Kaxetiya çarı Qremi şəhəri yaxınlığında Alazan vadisinin yeni paytaxtını salmaq fikrinə düşdü. 1565-ci ildə çar Levan Qremis-tsxali çayı yaxınlığında böyük bir qəsr, qala divarları, daxilində isə xristian kilsəsi, monastır və ticarət üçün sahələr yaratdı.

Yeni paytaxt cəmi 100 il mövcud oldu və Şah Abbasın hücumu zamanı ordusu tərəfindən yerlə yeksan edildi. Həmin şəhərdən bu günə yalnız Arxangel məbədi və zəng qülləsidir. Bunun da adına indi Qremi qalası deyilir.

Qremmi muzeyi Qremmi muzeyinin girişi
Kaxetiyada Qremi muzeyi. Fotolar mobil telefon ilə çəkilib.

Alaverdi monastırı

Gürcüstanda çoxlu qədim monastır və kilsə var. Bunlardan birini, Kaxetiyanın Axmeti (Əhmədiyyə) rayonundakı kişi monastırını ziyarət etdik. Adına Alaverdi deyirdilər. Mənası yəqin ki aydındır. Allahverdi sözündəndir. 50 metr hündürlüyü olan məbəd uzun zaman Gürcüstanda ən hündür sayılırdı. XI əsrdə tikilmiş bu kilsə indi də kişi monastırı kimi fəaliyyət göstərir. Deyilənə görə bu monastırın yerində əvvəllər Müqəddəs Georgi kilsəsi olub. Ona görə onun ikinci adı Müqəddəs Georgi kilsəsidir.

Zaman keçdikcə və müharibələr nəticəsində kilsədə müəyyən söküntülər olub. Bərpa zamanı onun ilkin şəkli bir qədər dəyişsə də orta əsrlər Gürcüstan tarixinin nümunəsi olaraq qalır. Monastırın daxilində üzümlük də var ki, bunlardan rahiblər çaxır çəkir.

Monastıra daxil olarkən qisa şalvar (şort), gödək yubka (mini ətək), mayka və sarafan geyənlərə mantiyanı xatırladan geyim verirdilər ki, açıq yerlərini örtsünlər. Biz orada olarkən bir rahib əlində iki taxta ilə çıxıb ritmik olaraq balaca taxtanı böyük taxtaya vurmağa başladı. Sanıram bu bir çağırış idi. Ola bilər ki, nahara və ya günorta duasına çağırırdı.

Monastırın bayirdan görünüşü Monastırın girişi Monastırın həyəti
Kişi monastırından bəzi görüntülər. Fotolar mobil telefon ilə çəkildiyindən düz xətlər qövs kimi alınıb.

Telavi

Bu şəhəri yəqin ki, hamı Mimino filmindən tanıyır. Telavi Alazan vadisində yerləşib və yuxarıda qeyd etdiyim kimi, Kaxetiyanın paytaxtıdır. Telavinin mərkəzində gəzərkən bir qəribə bina gördüm. Üstundəki nişan mənə tanış gəldi. Yaxınlaşıb oxuyanda gördüm ki, üzərində "Hüquq evi" yazılıb. Nişan yadıma düşdü. Bu bizim "Asan xidmətin" nişanı idi. Rəngləri fərqli idi. Bilməyənlərə deyim ki, Asan Xidmət Gürcüstan modeli əsasında yaradılmışdı. Hüquq evinin yanında yaxşı bir kafe var idi. Orada nahar etdik. 8 nəfərə 100 lari. Sanıram yaxşı qiymətdir. Təəssüf ki, kafenin adı yadımda deyil.

Bu gördüyünüz Telavinin mərkəzində şah II İrakləiyə qoyulmuş abidədir. II İrakli barəsində Azərbaycan tarixində çox məlumat var. Onun tez-tez Azərbaycana hücumları XVIII əsr Azərbaycan tarixində geniş yer alıb. Buradan baxarkən bütün Telavi şəhəri görünür. Şah sarayını elə yerdə tikdirib ki, bütün şəhər ovcunun içində olsun.

Telavidə İraklinin abidəsi
Şah II İraklinin abidəsi.

Qədim şəhər divarları gördüyünüz kimi elə də hündür deyil. Bu cür divarlar çətin ki istehkam rolu oynaya bilə. Belə görünür ki, şəhər xaricdən hücum görməyib.

Telavidə qədim şəhər divarları
Qədim şəhər divarları

Siqnaxi

Siqnaxi – sevgi şəhəridir. Bunu iki cür izah edirlər. Birincisi odur ki, burada VVAQ bütün sutkanı işləyir və bir gün ərzində ərizə verib nigaha daxil olmaq olar. İkinci izahat isə rəvayətə daha çıx oxşayır. Guya məşhur rəssam Niko Pirosmani aktrisa Margaritaya məhz bu şəhərdə 1 milyon qizil gül bağışlayıb. Bu barədə müğənni Alla Puqaçova da oxumuşdu.

Siqnaxi
Siqnaxinin yuzarıdan görünüşü
Siqnaxi küçələri
Siqnaxinin qədim küçələri
Siqnaxiyə daxil olan kimi birinci olaraq Daxili İşlər Nazirliyinin binasını görəcəksininz. Bu binanın arxasında böyük avtomobil dayanacağı var. Maşını burada qoyub qədim şəhəri piyada səyahət edin. Parkinqdan çıxan kimi birinci olaraq bu meydanı görəcəksiniz.
Siqnaxinin mərkəzi

Siqnaxidə nahar etmək üçün münasib bir kafe soruşduq. Bizə şəhərin hündür bir yerində kafe göstərdilər. Kafenin şüşələırində ərəb dilində Halal sözü yazılmışdı. Bilmədim ki, kafe ərəblərin idi, yoxsa çoxsaylı ərəb turistinin olduğu üçün bu sözü məhz ərəb dilində yazmışdılar. Orada da 8 nəfərlik nahar 100 lariyə başa gəldi. Hərçənd ki, miqdar və keyfiyyətcə Telavidəki kafeyə çata bilməzdi.

Azərbaycan sözləri

Gürcü dilində bəzi Azərbaycan sözlərinə də rast gəldim:

Talah – tala

Murabe – mürəbbə

Alaverdi – bu barədə bir az ətraflı yazmaq istəyirəm. Bu sözə ilk dəfə Kaxetiyanın Axmeti rayonunda rast gəldim. Burada eyni adlı monastır yerləşir. Düşündüm ki, bu Allahverdi sözündəndir. Həm də Allahın evi oldu üçün burada bir məntiq var idi. Bu barədə yuxarıda ətraflı yazmışam. Sonra isə eyni sözü gürcülər stol arxasında çaxır içərkən eşitdim. Mənasını soruşanda dedilər ki, biz hər sağlıqdan sonra mütləq içirik. O zaman ki, sağlıq deyən artıq içə bilmirdi, sağlığı deyib badəni yanındakına ötürürdü və deyirdi, alaverdi. Yəni ala verdim, sən mənim yerimə iç. Bu da sğzün ikinci mənasıdır. Badəni alan da içməzdən əvvəl sağlığa öz əlavəsini edib çəkirmiş başına. Sözün yaranışı belə olub. İndi isə sağlıq deyib davamını başqasına ötürərkən alaverdi deyirlər. Yəni sözü, badəni yox, verirəm filankəsə ki, o davam etsin. Onu da deyim ki, gürcülər sarı çaxırı xoşlayır. Kindzmarauli və Saperavi kimi çaxır növlərini kişilər içmir. Deyirlər qan təzyiqini qaldırdığı üçün qırmızı çaxır növlərini çox içmək olmur. Sarı çaxırı ilə meyvə şirəsi kimi içirlər.

Lobyo – lobya

Kuçis – küçə. Evin qarşısına da kuçe deyirlər

Babua – baba

Bekmezi – bəhməz, doşab

Bibi – xala və ya bibi, dəqiqləşdirə bilmədim

Digər məqalələr

Tiflis
Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Tiflis taksiləri
Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Kaxetiyada şərab muzeyi
Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Mtatsminda dağı və dağüstü park
Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Tiflis zooparkı
Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.