Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət :: Xorvatiya


Yaranma tarixi:

Dubrovnik
Saatlı qüllə
Dubrovnik

Dubrovnik

Xorvatiyanın Dalmatiya hissəsinin cənubunda yerləşən bu şəhər elə Sovet dövləti dövründən məşhur idi. Əvvəllər Yuqoslaviya deyəndə hamının yadına bu şəhər düşərdi. Dubrovnika gedən yeganə avtomobil yolu Bosniya və Hersoqovinanın  içindən keçir. Biz orada olanda hələ Xorvatiya Avropa Birliyi və Şengen zonaya daxil olmağa hazırlaşırdı. Nə qədər ki, Xorvatiya bu zonaya daxil deyildi, Bosniya sərhəddi Xorvatiya vətəndaşları və turistlər üçün açıq idi. Xorvatiya Avropa birliyi və Şengen zonaya daxil olduqdan sonra bu sərhəd problem yarada biləcəyindən, Xorvatiya Bosniyaya iki adasını verib əvəzində Xorvatiyanın şimalı ilə cənubunu birləşdirəcək yol tikmək üçün icazə alacaqdı. Bu siyasi durum, mən orada olduğum müddətdə belə idi. İndi isə, bəlkə artıq məsələ həll olunub.

Dubrovnik 7-ci əsrdə Ərəb döyüşçülərindən qaçıb canını qurtaran Xorvatlar tərəfindən salınıb. İlk adı Raquza olub. Sonra gələn Xorvatlar isə bu şəhəri Dubrovnik adlandırıb. Bu şəhər palıd (Xorvat dilində dubrava) ağaclarının əhatəsində olduğu üçün adı da bu ağacla bağlıdır. Sonra şəhəri RaguzaDubrava adlandırıblar. İndi isə artıq Raquza unudulub və yalnız Dubrovnik adı qalıb. Mən bu şəhərin Starıy Grad deyilən köhnə şəhər hissəsində olmuşam. Bu şəhər əvvələr ayrıca dövlət kimi olub. Əhalisinin çox varlı olmasına baxmayaraq dövlət heç kimə öz varını nümayiş etdirməyə icazə verməyib. Ona görə bütün evlər Borokko stilində, indiki dildə desək şəhərin baş planına uyğun olaraq, bir-birinə bənzər tikilib. Bu onunla izah edilir ki, əgər bir ev gözəlliyi ilə seçilsə, digəri ondan da gözəl tikməyə çalışacaq. Beləliklə şəhər gözəlləşəcək. Bu isə şəhərə gələn qonaqların diqqətini cəlb edəcək. Bu qonaqlar da gedib həmin gözəlliyi tərənnüm edəcək. Onda da şəhərə olan maraq artacaq, və şəhəri ələ keçirmək istəyən düşmənlərin də sayı artacaq. Belə bir məntiqə əsaslanaraq evlərin gözəl və fərqlənin tikilməsi yasaq idi.

Əhalisi vaxtilə 8000 nəfər olan bu şəhərdə indi 800 sakin yaşayır. Kanalizasiya sistemi Roma imperiyası dövründən qalmadır. Əhalinin sayı indi 10 dəfə az olsa da şəhərin altında olan qədim daş kanalizasiya sistemi indiki kafe və restoranların yağlı çirkab suyundan kifayət qədər çirklənib və cənub küləyi əsəndə bu üfunəti şəhərə vurur. Ona görə bu şəhərdə cənub küləyi əsərkən deyirlər ki, "yenə cənub iylənir". Əslində isə iylənin kanalizasiyadır.

Şəhərin knyazı cəmi bir ay müddətinə seçilirdi. Bu müddətdə o Knyazlığın həyətindən kənara yalnız mühüm dövlət məsələlərini həll etmək üçün çıxa bilərdi. Heç bir qohum və ya tanış ilə ünsiyyətdə ola bilməzdi. Sonrakı ay ərzində isə adi vətəndaşa çevrilirdi. Ona görə elə idarə etməli idi ki, gələn ay onu edam etməsinlər. Səhər knyaz şəhərin açarlarını gözətçiyə təhvil verir, axşam isə şəhər qapıları bağlandıqdan sonra ondan alırdı.

Dubrovnik keçmişdə gəmiqayırma sənayesi ilə tanınırdı. Burada həmçının dəniz suyundan yodlaşdırılmış duz da alınırdı. Adriatik dənizi çox duzlu olduğundan onun suyunu dayaz hövzələrə doldurub günün altında buxarlandırırdılar. Qalan duzu isə yığıb istifadə edir və digər ölkələrə ixrac edirdilər. Avropada ilk sığorta şirkəti də Dubrovlikda açılıb.

Dubrovnika içməli su şəhərin 12 km-liyindən gəlir. Su çəkildikdən sonra İtalyan memarı Anofrio de la Kava şəhərin girişində bir fontan tikib ki, onun adı da Böyük Anofrio fontanıdır. Bu fontan əhalinin çox xoşuna gəldiyindən, memara külli miqdarda ənam verib bir kiçik Anofrio fontanı da şəhərin şərqində tikdiriblər. Girişdə bir kilsə də var. Aşağıdakı şəkildə solda fontan, sağda isə kilsənin bir hissəsi görünür.

Anofrio fontanı və kilsə

Bu kilsə Renessans stilində yerli memar tərəfindən tikilib. 1667-ci ildə Dubrovnikdə güclü zəlzələ olur. 5000-ə yaxın əhali qırılır. Şəhərin 80% tikililəri dağılsa da bu kilsədə bir dənə çat belə yoxdur. Şəhərin əsas küçəsi Stradum 300 metrdən qisadır. Küçənin bir tərəfində qadın, digər tərəfində kişi monastırı var. Sonralar bu iki monastır arasında yeraltı gizli yol da tapılıb. Orta əsrlərdə Dubrovnikda ailənin yanlız böyük oğlu və böyük qızını evləndidirdilər və bütün var-yoxu onlara verirdilər. Qalan uşaqları isə qadın və kişi monastırına göndərirdilər. Burada səkkiz qadın, iki kişi monastrı var idi.

Aptek

Avropada ilk aptek deyilənə görə Dubrovnikdə olub. Bu aptek indi muzeydir. Dalmatiyada həkim və aptekçilərə böyük hörmət olub. Hətta hansısa həkim o zaman türk sultanını astma xəstəliyindən müalicə edib. Həkimlərin maaşını dövlət verirdi.

Şəhərin bir hissəsi 2 km uzunluğunda qala divarları ilə əhatə olunub. Bu divarların üstünə çıxıb yuxarıdan şəhəri seyr etmək olar. Bu qala divarları şəhəri hücumdan qorumaq üçün nəzərdə tutulsa da Dubrovnika heç bir hücum edilməyib. Bütün müharibələr Dubrovnikdən yan keçib. Buna səbəb, Xorvatların dediyinə görə o zamankı dövlətin güclü diplomatiyası və xarici siyasəti olub. Dubrovnikin 80 dövlətdə diplomatik nümayəndəliyi olub. 8000 əhalısı olan Dubrovnikın necə 80 diplomatık nümayəndəliyi olduğu məndə, yəqin ki, sizdə də şübhə doğurmaya bilməz. Hər nümayəndəlikdə iki nəfər işləsə belə, əhalinin 2 faizi diplomat olur. Türk Osmanlı imperiyasının Avropaya ağalıq etdiyi bir dövrdə Dubrovnik toxunulmaz qalır. Güman var ki, bu şəhər Türk ordusuna vaxtaşırı müəyyən məbləğ “yardım” göstərirmiş.

Dubrovnikin qala divarları Dubrovnikin üstdən görünüşü Şahil

Şəhərin giriş qapısı üzərində Müqəddəs Vlaxın heykəli qoyulub. O, bir əlində şəhərin kiçik modelini tutub, digər əli ilə xeyir-dua verir. Daxili divarlarda da onun heykəlinə rast gəlmək olar. Müqəddəs Vlax xristianlığı təbliğ edərkən onu edam ediblər. Ölümündən 500 il sonra o, başqa bir keşişin yuxusuna girib şəhərə hücum gözlənildiyini xəbər verir. Keşiş şəhər valisinə xəbər verir. Doğrudan da şəhərə qəfil hücum olacaqmış. Artıq bu hücuma şəhər əhalisi və ordu hazır olduğundan, dəf edilir. O zamandan Müqəddəs Vlax Dubrovnikin himayəçisi sayılır.

Şəhərə giriş Müqəddəs Vlax

Dubrovnikin, ümumiyyətlə cənubi Dalmatiyanın simvolu ulaqdır. Ümumiyyətlə eşşək burada çox hörmətli heyvan sayılır. Çünki bu keçilməz qayalıqlarda eşşək evəzedilməz bir nəqliyyat vasitəsi olub. Bir də eşşəyin südü astma xəstəliyinin dərmanıdır. Eşşək, sən demə, həyatında çox az müddət süd verir və bir eşşək gün ərzində ən çoxu 2 litr süd verə bilir. Bu südün də bur hissəsi onun balasına verildikdən sonra yerdə bir şey qalmır. Ona görə eşşək südünün qiyməti çox baha olur. Bu südü yalnız dərman kimi istifadə edirlər.

Eşşək

Dubrovnik Dubrovnik

Yaradılma tarixi: 29 Avqust 2012

Digər məqalələr

Xorvatiya barəsində
Xorvtiyada yay məzuniyyəti. Buradan Xorvatiya haqda turistlərə lazım ola biləcək maraqlı məlumatlar ala bilərsiniz.

Korçula
Korçula Xorvativada eyni adlı adada yerləşən şəhərdir. Bura məşhur səyyah Marko Polonun vətənidir.

Xorvat suvenirləri
Xorvatiya qalstukun vətənidir. Qalstuka ilk dəfə Xorvat ordusunda rast gəlinib. Buna görə də qalstuka Kravat deyilir. Bir də dığırcaqlı qələm burda kəşf edilib.

"Qağayı" kişilər
Xorvatiya qalstukun vətənidir. Qalstuka ilk dəfə Xorvat ordusunda rast gəlinib. Buna görə də qalstuka Kravat deyilir. Bir də dığırcaqlı qələm burda kəşf edilib.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.