Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət


Yaranma tarixi:

Xorvatiya
Croatia

Xorvatiya barəsində

Xorvatiya, keçmiş sosialist respublikası olan Yuqoslaviyanın sonradan bölündüyü altı respublikadan biridir. Xorvatiyanın sahəsi 56.6 kv. km olub Adriatik dənizinin şərq sahilinin böyük bir hissəsini əhatə etməklə yanaşı, bu dənizin içində olan mindən artıq adaya sahibdir. 2003-cü ildə bu adaların sayı 1185 idi. İndi bəzi mənbələr 1233, bəziləri 1246 yazır. Əlbəttə, bu adaların içərisində su üzərində yüksələn koral rifləri də var. Adalardan 48-ində əhali yaşayır. Xorvatiya qayalıq və dənizdən ibarətdir. Hətta turizm agentliyinin nümayəndələrindən biri zarafatca mənə dedi ki, heç bilmirəm bu qədər millət niyə tökülüb gəlir Xorvatiyaya. Burada ki, qayalardan başqa bir şey yoxdur?! Digər bir operator isə Xorvatiya barədə belə bir rəvayət danışdı:

Deyirlər Allah torpaq bölüşdürəndə Xorvat yuxuya qalır. Ayılanda görür ki, bütün torpaqlar artıq qurtarıb. Üzünü Allaha tutub yalvarır:
- Ya rəbbim mənə və ümmətimə də yaşamaq üçün bir parça yer ver.
Onda Allah rəhm edib deyir:
- Mən sənə özüm üçün saxladığım torpağı verirəm.

Xorvatiyanın cənub hissəsi Dalmatiya adlanır. Əksər adalar da Dalmatiya zonasına düşür. Keçmişdə bu adalarda yaşayış o qədər də asan olmayıb. Adalara içməli su materikdən gətirildiyindən, suyun qiyməti baha idi. Adaların daimi sakinkləri üçün içməli suyun qiyməti burada mövsümi evləri olanlar üçün olan qiymətdən üç dəfə ucuz olsa da, su qıtlığı əhalini adaları tərk etməyə məcbur edirdi. Cavan əhali kütləvi surətdə adaları tərk edirdi. İndi vəziyyət dəyişib. Turizmin inkişafı ilə əlaqədar yerli əhali iş ilə təmin olunub. Hazırda turizm Xorvatiyanın əsas, bəlkə də yeganə, gəlir mənbəyidir. Ona görə Xorvatlar təbiətin qorunmasına ciddi fikir verirlər.
Çimərlikdə su daim şəffaf olur. Adriatik dənizinin suyu kifayət qədər duzludur. Ona gərə çimərkən üzgüçülük eynəyi taxmağı məsləhət görürəm. Suya baş vurarkən adamın gözləri yanır. Yayda hava isti olsa da (35-38 dərəcə), dənizin suyu soyuq olur. Bəlkə bu ona görədir ki, gecələr temperatur 10 dərəcəyə qədər düşür. Bütün çimərliklərin sahili xırda daş olduğundan, çimərkən xüsusi ayaqqabılar geymək lazımdır. Bu ayaqqabıları bütün sahil zolağı boyu satırlar.

Xorvatiyanın milli pulu Kunadır. Kunanın yüzdən birinə Lipa deyirlər. Mən orada olanda kurs 1EUR=7.50HRK idi. Bankda 7.46 kurs ilə dəyişmək olsa da sahil zolağında Avronu 7.3 kurs ilə alırdılar. Bütün mağazalar Avro dəyişir, amma bəziləri əlavə olaraq faiz də çıxır. Ona görə dəyişməzdən əvvəl bunu soruşun ki, fakt qarşısında qalmayasınız. Banklar isə faizsiz və sərfəli kurs ilə işləyir. Digər ölkələrdən fərqli olaraq burada ən sərfəli kurs aeroportda idi.

Xorvatiya mətbəxində dəniz məhsulları geniş yer tutur. Dünyada ən böyük Midiya burada yetişdirilir. Xərçənglər də kifayət qədər böyükdür.

Spirtli içkilərdən “Karlovacko” pivəsi və mandarindən çəkilmiş Mandarinat arağını misal göstərmək olar. Armud və göyəmdən çəkilmiş arağa da rast gəldim. Ümumiyyətlə Avropada əksər meyvələrdən araq çəkirlər. Spirtli içkiləri istifadə etmədiyimdən bu barədə ətraflı yazmıram. Spirtsiz içkilərdən mənə xoş gələni “Orangina” (arancina) idi. Mən bu içkini əvvəllər başqa dövlətlərdə də görmüşdüm, amma heç vaxt dadına baxmamışdım. Bu təbii portağal şirəsidir, fərqi ondadır ki, bu şirəyə qaz vurublar. Bu Fanta deyil, təbii qazlı şirədir.

İndi isə sizi maraqlandıran mövzunu sol tərəfdəki menyuda tıklayın.

Yaradılma tarixi: 29 Avqust 2012

Digər məqalələr

Korçula
Korçula Xorvativada eyni adlı adada yerləşən şəhərdir. Bura məşhur səyyah Marko Polonun vətənidir.

Xorvat suvenirləri
Xorvatiya qalstukun vətənidir. Qalstuka ilk dəfə Xorvat ordusunda rast gəlinib. Buna görə də qalstuka Kravat deyilir. Bir də dığırcaqlı qələm burda kəşf edilib.

"Qağayı" kişilər
Xorvatiya qalstukun vətənidir. Qalstuka ilk dəfə Xorvat ordusunda rast gəlinib. Buna görə də qalstuka Kravat deyilir. Bir də dığırcaqlı qələm burda kəşf edilib.

Dubrovnik
Dubrovnik Cənubi Dalmatiyanın mərkəzidir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.