Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201943

Yaranma tarixi:

Ankara barəsində

Ankara

Mən bu şəhərdə ilk dəfə 2014-cü ilin may ayının sonlarında (26-29 may tarixlərində) olmuşam. O zaman Ramada otelində qalmışdım. Daha sonralar gəlişim 2017-ci ilin 19-22 iyun və 11-14 sentyabr tarixlərinə təsadüf edib. 2017-ci il iyun ayında da eyni oteldə qaldım. Artıq Ramada hotelinin adı Wyndham olmuşdu. Sentyabr ayında isə həmin məhəllədə, Söyütözü deyilən yerdə, yerləşən digər Mövenpick otelində qaldım. İkisi də yaxşı oteldir. Demək olar ki, bu otellər eyni səviyyəlidir. Amma otaq Ramada otelində daha geniş idi.

Ankaranın tarixi

Ankara Türkiyənin paytaxtı olmaqla yanaşı ölçüsünə görə İstanbuldan sonra ikinci şəhərdir. 1923-cü ildə Mustafa Kamal Atatürk paytaxtı İstanbuldan bu şəhərə köçürdü. O zaman Ankaranın əhalisi cəmi 60 min nəfər idi. Hazırda isə burada 2,6 milyon əhali yaşayır.

Ankara qədim şəhərlərdəndir. Hələ bizim eradan əvvəl 1200-cü ildə bu şəhərin qalası onu qonşu şəhərlərdən müdafiə edirdi. Ankaranın dənizə çıxışı olmasa da quru ticarət yollarının üzərində yerləşdiyinə görə hələ Roma imperiyası zamanında inkişaf etmiş siyasi və ticari əhəmiyyətli mərkəz idi.

1893-cü ildə Anadolu dəmir yolu Ankara və İstanbul şəhərlərini birləşdirdikdən sonra bu şəhərin inkişafına yeni təkan verildi.

Tarixi yerlər

Anıtkabir

Atatürkün sarkofaqı

Anıtkabir

Ankaranın tarixi yerləri əlbəttə ki, İstanbul ilə müqayisə olunmalı dərəcədə deyil. Ən birinci gözə çarpan Mustafa Kamal Atatürkün mavzoleyidir ki, bura gələnlərə həmin Anıtkabir deyilən məkanı ziyarət etməyi tövsiyə edirəm. Mən, ilk dəfə Ankarada olanda buranı və Atatürk muzeyini ziyarət etmişdim.

Mavzoley 1953-cü ildə Maltepe deyilən rayonda inşa edilmişdir. Atatürkün sarkofaqı olan zalda dərin hörmət əlaməti olaraq Türkiyənin bütün əyalətlərindən daşlar toplanıb. Muzeydə Mustafa Kamal Paşanın şəxsi əşyaları, kitabxanası, müxtəlif döyüş səhnələrini əks etdirən kompozisiyalar göstərilib.

Anadolu Mədəniyyətləri muzeyi

Anadolu Mədəniyyətləri muzeyi

Bu muzey 1921-ci ildə yaradılıb. Hazırda neolit və bürünc dövrünün əşyaları ilə zəngin olan bu muzeydə Assuriya, Urartu, Qədim Yunan, Qədim Roma, Bizans və Osmanlı imperiyasının mədəniyyətini əks etdirən nümunə və eksponatlar da var. 1997-ci ildə “İlin Avropa muzeyi” mükafatına layiq görülüb. Muzey saat 08:30-dan 19:00-a qədər fəaliyyət göstərir.

Ankara Palas

Ankara Palas 1927-ci ildə Türk memarı Vedat Tek tərəfindən inşa edilib. Bu tarixi bina Türk Respublikasının simvolu kimi çıxış edir. Türkiyənin Böyük Millət Məclisinin (Milli Assambleyanın)  köhnə binası ilə üzbəüz yerləşir. Bina üç mərtəbədən ibarət olmaqla, deputatların yığışıb vacib dövlət əhəmiyyətli qərarların qəbul edilməsinə xidmət edib. Binanın böyük zalında indi də konsert və digər təntənəli tədbirlər keçirilir. Binanın arxa tərəfində 50 nəfərlik zal yerləşir.

Rəhmi Koç muzeyi

Bu muzeyi Koç ailəsi 2005-ci ildə Çəngəlxan karvansarayında açıb. Bu karvansaray 1523-cü ildə Damat Rüstəm Paşa tərəfindən tikilib. Muzeydə 32 zal və 500-dən çox eksponat var. Rəhmi Koç politexnik muzeyi üç mərtəbədə yerləşib.

Burada ilk mühərrik nümunələri, ağ-qara televizor və ayaqla işləyən tikiş maşını ilə yanaşı 1918-ci il istehsalı olan Ford T və 1959-cu ilin qirmizi Fiat modellərini də görə bilərsiniz.

Erimtan arxeologiya və sənət muzeyi

Erimtan muzeyi

Bu muzey arxeologiya və incəsənət vurğunu olan Yüksel Erimtanın kolleksiyası əsasında yaradılıb. Kolleksiya yüzlərlə eksponatdan ibarətdir ki, bunların içində ən qədiminin yaşı bir-neçə min ildir.

Erimtan bu kolleksiyanı keçın əsrin 60-cı illərindən başlayaraq yığıb. Kolleksiyanın ilk predneti qiymətli daş ilə bəzədilmiş qədim Roma üzüyü olub. Muzeyin pəncərələrindən Ankara qəsri (Ankara qalası) görünür. Yaxınlıqda karvansaray və şəhər qalasının giriş qapıları var. Muzey 2015-ci ildə açılıb.

Ankara qalası (Hisar)

Buraya Ankaranın sitadeli də deyirlər. Bu qəsr təpə üzərində yerləşdiyi üçün hər yerdən görünür. Qəsrin daxili hissəsi 4 mərtəbədən ibarətdir. Qüllələrin hündürlüyü 14-16 metrdir. Qala divarlarının qalınlığı 8 metrdir. Bizim günlərə qədər gəlib çatmış Ağ qala (Akkale), Hisar qəsrinin ən yüksək nöqtəsi sayılır. Qala divarları daxilində 12-ci yüzilliyin qalıqları olan Saraç Sinan məscidi var. Hazırda qala divarları daxilindəki qədimi binalarda mehmanxana və müxtəlif mağazalar fəaliyyət göstərir.

Roma hamamı

Bu hamamlar Septimius Severusun oğlu Roma imperatoru Karakalla tərəfindən 211-217-ci illərdə sağlamlıq allahı Asklepiosun şərəfinə tikilmişdir. Ölçüləri 80m×150m olub daş və kərpicdən yaradılmış Roma hamamı daxilində frigidarium (soyuq zal), tepidarium (ilıq zal), caldarium (isti zal) və apoditerium (qarderob) günümüzədək qorunub saxlanıb. Bu hamamda çimməklə yanaşı həm də fiziki təlim keçib güləşlə məşğul olurdular.

Avqust məbədi

Bu məbədin adına Türkcə Augustus Tapınağı (Monumentum Ancyranum) və ya Ankara Anıtı deyirlər. Ankaranın Ulus məhəlləsində Hacı Bayram məscidi yaxınlığında yerləşir.

Antik dövrün əsəri olan bu məbəd Roma imperatoru Avqust tərəfindən bizim eranın 362-ci ilində tikilib. Bu günə gəlib çatmış qalıqlar sonuncu Qalat hökmdarı Amintosun oğlu kral Pilamenes tərəfindən imperator Avqusta sadiqlik əlaməti olaraq tikilmiş hissədir.

Bu məbəddən qalan, iki yan divar və qapının bir hissəsidir. Kiçik kilsə və ehram arasındakı divarlar qədim Yunan və Latın yazıları ilə örtülüb. Bu yazılar Avqustun gördüyü işləri və vəsiətlərini əks etdirir.

Yulian Sütunu

Bu sütun da Ulus məhəlləsində yerləşir. Hündürlüyü 15 metr olan sütun imperator Yulianusun bizim eranın 362-ci ilində Ankaraya gəlişinin şərəfinə yüksəldilib. Bu sütuna xalq arasında Belkıs Sütunu da deyirlər. Sütunun aşağısında durub göyə baxarkən adama elə gəlir ki, sütun göyü saxlayıb.

Sadaladığım yerlərdən savayı Etnoqrafiya Muzeyi, Rəsm və heykəl muzeyi, Pul muzeyi, Cümhuriyyət muzeyi, Qurtuluş savaşı muzeyi, Ulucanlar cəza evi və Şahmat muzeyini də ziyarət edə bilərsiniz. Şahmat muzeyində 103 ölkədən 504 şahmat nümayiş etdirilib.

Tibbi turizm

Ankara həm bahalı şəhərdir, həm də gəzməli yerləri ilə o qədər də zəngin deyil. Ona görə turizm baxımından bir o qədər də əlverişli sayılmır. Bura gələnlər ya iş ilə əlaqədar, ya oxumağa, ya da ki, öz dərdi üçün tibb mərkəzlərinə gəlirlər. Təyyarədə uçarkən salonun yarısından çoxunu xəstələr təşkil edirdi. Elə mən də səhhətimlə bağlı Tobb Etü Hastanesi-nə gəlmişdim. Eyni rayonda Medikana transplantasiya mərkəzi və Bayandır Hastanesi də yerləşirdi.

Digər məqalələr

Ankara taksiləri

Ankarada bütün taksilər taksometr ilə işləyir. Bu şəhərdə olduğum müddətdə bir dənə də “xaltura” edən taksi görmədim.

Ankarada valyuta dəyişmə

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

Ankarada Nahar

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

Aqua Vega akvariumu

Ankarada olarkən Aqua Vega akvariumuna baxmağı mütləq qaydada plana salın. Ələlxüsus da, əgər ailə və uşaqla gedirsinizsə bu sualtı möcüzələrə baxmanız mütləqdir.

Türkiyə

Türkiyənin şəhərləri barəsində səyahət təəssüratlarımı bu məqalələrdə bölüşmüşəm. Əgər Siz də Türkiyəyə səfər etməyi planlaşdırırsınızsa, bu məqalələr sizə faydalı ola bilər.

İstanbul barəsində

Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.