Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr


Yaranma tarixi:

Uğurlu məqalənin əsasları

Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
M. Füzuli

Qiymətli yazıya olan daimi tələbat danılmazdır. Əslində məqsəd verilən informasiyanın öz auditoriyasını tapmasıdır. Müəllifin məqalələrinə verilən dəyər onun peşəkarlıq səviyyəsinin göstəricisidir. Bu yalnız dəyərə bir prizmadan verilən qiymətdir. Əslində yazının dəyəri daha abstraktdır. Ona nə əl ilə toxunmaq, nə də dadına baxmaq olar.

Amma nəzərə almaq lazımdır ki, auditoriyanın mövzuya yanaşması heç də həmişə müəllifin mövqeyi ilə üst-üstə düşmür. Bəzən zaman keçdikdən sonra yazarın mövqeyi dominant olur, bəzən isə əksinə. Əgər yazılar real həyatı əks etdirirsə, onlar öz təsdiqini tapdıqca qiymətə minir. Mücərrəd yazılara isə mövqe demək olar ki, dəyişməz qalır, yəni onların loyallıq dərəcəsi zamana nəzərən sabitdir.

Qiza ekskursdan reallığa

Müəllifin, onun təmsil etdiyi şirkətin və son nəticədə məhsulun aparıcı qüvvəsi yazılan təqdimat məqaləsidir. Bu məqalə məhsulun vizit kartı olub onun uğurunun birinci şərtlərindəndir. Zaman keçır, məqalənin ünvanlandığı auditoriyanın məhsul barədə öz fikri formalaşır və artıq onlar məhsulun dəyərini diktə edir.

Bunu təsdiq etmək üçün Henri Fordun öz “Ti” modelli avtomobili barədə yazdığı məqaləni göstərmək olar. 1916-1917-ci illərdə bu məqalənin sayəsində Ford, ABŞ-da “Ti” modelinin 785,432 nüsxəsini satıb o zaman üçün ilk rekorda imza atdı.

İnternetdə isə məqalənin nə qədər dəyərli olması onun oxuyucu sayı ilə müəyyən edilir. Bir məqalə yüzlərlə oxuyucu cəlb edə bilər. Digəri isə minlərlə. Gəlin məqaləni qiymətli edən amilləri araşdıraq.

Aşağıdakı universal siyahı peşəkarlar tərəfindən tərtib edilib və uğurlu məqalənin əsas şərtlərini başa düşməyə kömək edir:

  1. Yenilik effekti – həmişə maraq çəkən məqamdır. Bu “unudulmuş köhnə” də ola bilər. Əsas, mövzunun maraqlı olması və onun çatdırılma formasıdır.
  2. Orijinallıq – istənilən informasıyani müxtəlif formatlarda vermək olar. Format dedikdə tək yazı ilə kifayətlənmək lazım deyil. Bu audio yazı, şəkil və ya foto(“Bir şəkil min yazıya bərabərdir” -Konfutsiya), slayd, hətta elektron kitab da ola bilər.
  3. Unikallıq – yüksək pilotaj göstəricisidir. Məqalə yazan öz yaradıcı potensialını vaxtaşırı silkələməlidir. Yeni, əvvəllər məlum olmayan istiqamət, texnika və vasitələr kəşf etməlidir. Məqaləyə orijinal adlar qoymağa çalışmaq lazımdır. Bir sözlə elə bir şey yaradılmalıdır ki, əvvəllər heç kimin ağlına gəlməmiş olsun (Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... M. Müşfiq).
  4. Dərin yanaşma – uğurun qarantıdır. Məlumdur ki, balıq nə qədər iri olsa o qədər dərində üzər. Mövzunu dərindən bilən müəllif öz mühakiməsi əsasında nəinki dəyərli mətnlər yazır, həm də öz fikirlərini oxuyucuya istədiyi kimi çatdıra bilir.
  5. Şəxsi təcrübə - qiymətsiz şərtdir. Təcrübəli müəllif daha inandirici və həqiqətə uyğun misallarla fikrini təsdiqləyə və mövzunu aşıqlaya bilir. Təcrübənin təkcə müsbət olması şərt deyil. Bəzən müəllifin uğursuz təcrübəsi daha ibrətamiz olur.
  6. Misallar – vacib məqamları vurğulamağa kömək edir. “Necə” taktikası ilə assosiasiya olunan dəyər, misallarla daha gözəl möhkəmlənir.
  7. Təsdiq –mətni uğurlu edir. Əgər məqalədəki fikirlər öz təsdiqini tapırsa, bu oxuyucuda müəllifin nöqteyi-nəzərinə inam yaradır.
  8. Hazır həllər – şablon həll üsullarına olan tələbatı ödəyir. Əksəriyyət hazır həll üsullarının tətbiqinə üstünlük verir. İnternetdən məhz bu həlləri tapıb tətbiq etmək üçün istifadə edirlər. Bunu da nəzərdən qaçirmaq olmaz. Çox az adan “velosiped” icad etməyin tərəfdarıdır.
  9. Uğurlu başlıq – çox qiymətlidir. Başliq və kiçicik anons mövzu barədə ilk təəssürat yaratmaqla yanaşı onun məzmununu əks etdirib ilk marağı doğurmalıdır. Əgər ən dəyərli fikir başlıqda öz əksini tapıbsa insanlar məqaləni oxuyacaq.
  10. Zaman kəsiyində aktuallıq – auditoriyanın marağını doğuran qiymətli faktordur. Bu yeniliklər, tendensiyalar, bir sözlə “indi və burada” çərçivəsinə uyğun bütün fikirlər ola bilər. Amma burada olmayan yerdən yalançı yenilik çıxarmaqla ifrata varmaq olmaz
  11. Maksimum bir yerdə – bir məqalə daxilində maksimum qiymətli məlumat verməklə oxuyucunu saxlamaq gözəl imkandır. İnsanlar materialı uzun müddət axtarmağı sevmir. Ona görə mövzunu bacardıqca geniş açıqlamaq lazımdır. Bu kontentin dəyərini qat-qat artırır.
  12. İnformasiyanın effektivliyi – yaxşı məqalədən gözlənilən nəticədir. Maraqlı material şərhlərdə diskussiya doğurur və məqalə digər forum və sosial şəbəkələrdə paylaşılır. Nəticədə bu mövzu ətrafında digər saytlarda da yeni məqalələr seriyası yazılır.
  13. Məxfilik – intriqa doğurur. Oxuyucu həmişə gizli bir mövzu barədə ilk olaraq məlumatlanmağı istəyir. Başqalarının toxunmadiği və ya toxunmaq istəmədiyi mövzunu auditoriya ilə bölüşməklə materialın qiymətini qaldırmaq olar. Amma bu sirr gərək özündə həqiqətən də əhəmiyyətli məna daşısın.
  14. Havayı – qiymətli informasiya havayı yolla çatdırılırsa bu da resursun məna dəyərini artırır.
  15. Sadəlik – yaxşı məqalənin “qızıl qaydası”dır. Darıxdırıcı, oxuyucuya aydın olmayan akademik tərzdə yazılmış məqaləlin uğuru böyük sual doğurur.
  16. Stimulyasiya – materialın hərəkətə sövq edən tərzdə verilməsi. Kontentin inandirici olması, yaratmaq, nəyisə dəyişmək həvəsi doğurması gözəl göstəricidir. Yazarlar daim bu səviyyəyə yüksəlməyə can atmalıdırlar.
  17. “Antimif” taktikası – fikir qarşıdurmasından istifadədir. Ümumi qəbul olunmuş fikirlərə müxalif mövqe tutaraq öz fikirlərini uğurla təsdiqləyən müəllif həm mövzuya marağı artırır, həm də özünü oxuyucu gözündə yüksəldir.
  18. Provokasiya – unikal vasitə olub hamının qəbul etdiyi dəyərləri kəskin tənqid etməkdən ibarətdir. Bunun “antimif” taktikasından əsas fərqi ondadır ki, əvvəlki taktikada həmfikir müxaliflər tapmaq mümkündür. Burada da isə elə bil yazar ağa qara deyir. Müəllif öz mövqeyini müdafiə etmək üçün burada daha iddialı və həmin sahədə dərin biliyə malik olmalıdır. Əks halda o “intellektual xuliqana” bənzəyəcək.
  19. Qarışıq formatlar – nadir taktikadır, amma yaradıcı yanaşmada istifadə olunur. Bir məqalədə mətn, cədvəl, şəkil, video, diaqram və s. istifadə edilə bilər.
  20. Yaxşı və pis polis – psixoloji gediş olub ziddiyyətli baxışlara malik oxuyucular üçündür. İstənilən mövzunu obyektivliyi saxlamaqla həm pozitiv, həm də neqativ tərəfdən açiqlamaq olar.

Azərnetdə bu mövzu hələ açıqlanmadığı üçün yaxşı olar ki, məqaləni sosial şəbəkələrdə bölüşəsiniz.

Digər məqalələr

Nəticə verən başlıqları necə yaratmaq olar?
Bir çox kopirayterlər hesab edir ki, məqaləyə sərf edilən vaxtın 50%-i başlığın yaradilmasına sərf olunmalıdır. Təxminən 10 nəfərdən 8-i yalnız məqalənin başlığını oxuyur, və yalnız 2-si mətə maraq göstərir.

İşləyən başliqlar necə olur?
Yaxşı başlıq təkcə diqqəti cəlb etməklə kifayətlənmir. Tutarlı başlıq ünvanlandiği auditoriyaya tam bir mesaj göndərir, onunla ünsiyyət qurur və onu məqalənin daxilinə çəkib aparır.

Kopirayterlər üçün AIDA modeli
AIDA termini 4 ingilis sözünün baş hərflərindən ibarətdir. Attention, Interest, Desire, Action. Mənaları uyğun olaraq diqqət, maraq, istək və hərəkət deməkdir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.