Cəfər Əliyevin bloqu

Arxiv

Yaranma tarixi:

Fotoqrafiyada yayılma haqqında

Şəkildə fokusun vacibliyi danılmazdır. Amma fokusun əksi olan yayılmanın rolu heç də ondan az deyil. Yayılma olmasaydı fokus da olmazdı. Çəkilən şəkildə subyekti fondakı obyektlərdən ayırmaq üçün istifadə edilən vasitələrdən biri də yayılma və fokus arasındakı fərqdir.

Fotoaparat çıxdıqdan sonra fotoqrafiya ifadə və kompozisiya nöqteyi-nəzərdən rəssamlıq sənətindən bəhrələnmişdir. Amma müasır rəssamlıq da fotoqrafiyadan bir elementi götürdü ki, bu da yayılmadır. Köhnə əsərlərə baxsaq görərik ki, bütün şəkil eyni cür dəqiqdir, subyekt obyektlərdən kölgə və ton fərqilə ayrılır. Fotoqrafiya isə bu sahəyə yenilik gətirdi. Artıq müasir rəssamlar da öz şəkillərinə elə bil ki, obyektivdən baxırmış kimi yanaşmağa başladılar. İndi rəssamlıqda da fonu linza effektilə yaymağa üstünlük verilir. Çünki insan gözü də əslində kadrda əsas elementi bu cür seçib ayırır.

Yayılmanın bir-neçə növü var.

Linza yayılması (lens blur)

Bu yayılmanı apertura idarə edir. Bu yaılma obyektivin dəqiq fəzasından kənarda qalan obyektlərin yayılmasında müşahidə edilir. Onu qeyd edək ki, obyektivin fokus məsafəsi böyük olduqca yayılma özünü daha qabarıq büruzə verir. Bu cür obyektivlə çəkəndə fonda olan işıq və sayrışmalar dairələr kimi görünür. Bu effektə fotoqrafiyada boke deyilir. Boke portret çəkilişində geniş istifadə olunur. İdeal boke effektində sayrışmalar dairələr kimi görünür. Amma diqqətlə baxanda onlar sərhədləri yayılmış çoxbucaqlılardır. Bu çoxbucaqlıları yaradan əslində diafraqmanın yarpaqlarıdır.


Uzun fokuslu obyektivdə boke effekti

Tərpənmə yayılması

Bu yayılma subyektin və ya obyektlərin tərpənməsi, eləcə də fotoaparatın tərpənməsi nəticəsində yaranır. Tərpənmə istənilən 3 ülçü istiqamətində ola bilər. Linza yayılmasından fərqli olaraq bunu çəkim sürəti idarə edir. Bu yayılmanı aradan qaldırmaq üçün çəkim sürətini azaldırıq və ya ştativdən istifadə edirik.

Belə yayılmanın faydalı cəhəti də var. Bəzən şəkildə hərəkəti göstərmək lazım olur. Bunu etmək üçün fotoqraf subyektin hərəkəti istiqamətində yayılma effekti yaradır. Bu halda yayılmaya hərəkət yayılması (motion blur) deyilir. Bunu iki cür etmək olar.

Birinci variant

Bu variantda fon dəqiq, hərəkətdə olan subyekt isə yayılmış düşəcək.

  • çəkim sürətini azaldırıq
  • aparatı ştativə bağlayırıq
  • aparatı fona ayarlayırıq, imkan varsa, fokusu subyektin keçəcəyi məsafəyə ayarlayırıq
  • subyekt kadrdan keçərkən düyməni basırıq

Onu qeyd edək ki, çəkim sürəti elə seçilməlidir ki, çəkmə subyekt kadrı tərk edənə qədər qurtarsın. Yoxsa subyektin əvəzinə kadr boyu ancaq yayılmış xətlər düşəcək.


Burada fon dəqiq, subyekt yayılmışdır

İkinci variant

Bu variantda subyekt dəqiq, fon isə yayılmış düşəcər.

  • çəkim sürətini azaldırıq
  • aparatı ştativə bağlayırıq
  • aparatı hərəkət edən subyektin müstəvisinə paralel onunla birlikdə hərəkət elətdirərək çəkilişi həyata keçiririk

Bu mür çəkilişi yerinə yetirmək kifayət qədər çətindir. Gərək aparat elə bərkidilsin ki, onu yalnız subyektin hərəkəti istiqamətində tərpətmək olsun. Bütün hərəkət zamanı subyektlə kamera arasında məsafə dəyışılməz qalmalıdır.


Burada subyekt dəqiq, fondakı obyektlər yayılmışdır

Zum yayılması (zoom blur)

Bu cür yayılmadan yaradıcı effekt üçün istifadə edilir. Belə yayılma yalnız zum obyektiv vasitəsilə edilir. Bunu etmək üçün aşağıdakı addımlar lazımdır:

  • aparatı ştativə bərkidirik
  • subyekti fokuslaşdırırıq
  • çəkim sürətini azaldırıq
  • çəkmə düyməsini basırıq və çəkim gedən müddətdə obyektivin böyüdücü halqasını fırladırıq

Əgər çəkilişin əvvəlində aparat fokus məsafəsinin ən uzaq nöqtəsinə qoyulmuşdusa, onu yaxınlaşdırırıq. Əgər ən yaxın nöqtəyə qoyulmuşdusa, onu uzaqlaşdırırıq. Bu cür effekti almaq üçün gərək aparatı ya əl ilə (manual) fokuslaşdırasınız, ya da birdəfəlik fokuslaşma (single focusing) rejiminə qoyub çəkilişin əvvəlindəki vəziyyətə fokuslaşdırasınız. Yoxlayın ki, aparat ardıcıl fokuslaşma (continuous focusing) rejimində olmasın.


Zum yayılması ilə çəkilmiş ağac şəkli

Yumşaq fokus (soft focus)

Bu effekti almaq üçün adətən xüsusi filterlərdən istifadə edilir. Amma bəzi obyektivlərin özünün fokusu yumşaq olur, və ya obyektivdə yumşaq fokus effekti olur. Bu cür effekt qadın və uşaq portretlərini çəkərkən istifadə olunur və subyektə incəlik gətirir. Ələlxüsus da, yüksək açar (high key) stilində şəkillərdə geniş tətbiq olunur. Bu cür şəkillər subyektin obrazına bir günahsızlıq və ya müqəddəslik ifadəsi verir. Köhnə fotoşəkillərə baxsanız, buna daha çox rast gələrsiniz. İlk zamanlar obyetivlərin dəqiqliyi o qədər olmadığından şəkillər yumşaq fokusda alınırdı.


Yumşaq fokus

Terminlər: fokus məsafəsi, apertura, çəkim sürəti, dəqiq fəza, linza yayılması, tərpənmə yayılması, hərəkət yayılması, zum yayılması, yumşaq fokus, boke, diafraqma, birdəfəlik fokuslaşma, ardıcıl fokuslaşma, yüksək açar, subyekt, obyekt

© Jafar N.Aliyev (Jsoft)

14 May, 2013

Digər məqalələr

Fotoqrafiyada Subyekt və Obyekt anlayışları
Fotoqrafiyada çəkilən əsas element 'subyekt', onu əhatə edənlər isə 'obyekt' adlanır. Subyekti həmişə dəqiq fəzanin sərhədləri daxilində saxlamağa çalışırlar...

Photography tips
This page holds some power tips for beginners and even advanced amateurs.

Yayılma dairəsi (Кружок нерезкости, кружок рассеяния)
Bu dairə göz tərəfindən nöqtə kimi qəbul edilən ən kiçik diametrli dairədir...

Fotoqrafiyanın əsasları
Fotoqrafiyanın əsasını apertura, çəkim sürəti və ISO sürət təşkil edir...

Photography
This page holds articles on photography theory and technical acpects.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.