Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr :: Avtomobil


Yaranma tarixi:

Yanacaq sərfiyyatının artma səbəbləri

100km yola 17Lt

Yanacaq sərfiyyatının artması dedikdə istehsalçının göstərdiyi rəqəmdən daha çox yanacaq işlədilməsi nəzərdə tutulur. Bu qərarı vermək üçün əvvəlcə yanacaq sərfiyyatını necə yoxlamaq barədə məqaləni oxumanızı tövsiyə edirik.

 Yanacaq sərfiyyatının artmasına səbəb olan amilləri iki qrupa bölmək olar:

  • Qeyri-texniki amillər
  • Avtomobilin texniki vəziyyətindən asılı olan amillər

Qeyri-texniki amillərə aşağıdakılar daxildir:

  • Yanacaqdoldurma məntəqəsinin sizdən “kəsməsi”
  • Yanacağın keyfiyyəti
  • Sürücünün avtomobili idarə etmə tərzi
  • Kondisionerin yandırılması
  • Soyuq mühərriklə nəqliyyatın sürülməsi
  • Havanın temperaturu, belə ki, soyuq havada avtomobil gec qızır və “qızdırma! Rejimində çox işləyir (yuxarıdakı səbəbin davamı)
  • İşıqları yandıraraq sürmə
  • Açıq pəncərələrlə yüksək sürətlə idarə etmə (50 km/saat-dan artıq)
  • Baqajdakı yük və sərnişinlərin sayı
  • Yol səthinin vəziyyəti. Yağışda, qarda və qumluq yolda quru asfalt yola nəzərən sərfiyyat çıx olur.

İndi yanacaq sərfiyyatının artmasına səbəb ola biləcək texniki xüsusiyyətlərdən və konstruksiyada edilən dəyişikliklərdən danışaq.

  • Təkərlərin ölçüsü və təkərlərdəki havanın təzyiqi
  • Avtomatik sürətlər qutusu
  • Mühərrikin həcmi
  • Aerodinamika, avtomobilə tüninq adı ilə nə qədər çox detal taxılsa, bir o qədər yüksək sürətdə havanın müqaviməti artacaq.

Nasazlıq üzündən artan yanacaq sərfiyyatı

Nəhayət ki, çatdıq məqalənin əsas məqsədinə. Bu da nasazlıq səbəbindən yarana biləcək əlavə yanacaq sərfiyyatıdır. Hər bir nasazlığı sadalayarkən çalışacağıq ki, yanında nə qədər sərfiyyat artmasını da göstərək.

Yanma şamları

Şamların vəziyyəti. Əgər şamlar çoxdan dəyişməyibsə sərfiyyat 5% artacaq. Mənim öz avtomobilimdə buna əmin oldum. Reqlamentə görə 50,000 km-dən sonra şamlar dəyişməli idi. Mən 65,000km-də dəyişdim. Dəyişdikdən sonra şəhər şəraitində 5.5-6% sərfiyyat azaldı.

Əgər mühərrikin idarəetmə sistemində nasazlıq varsa bu 50%-ə qədər sərfiyyatı artıracaq. Bu halda adətən “Check engine” yanır. Amma yanmaya da bilər. Əksər hallarda hətta avtomobili satan bunu xəbərdarlığı “söndürür”. Bunun üçün bir-neçə vasitə var ki, bu barədə danışmayacağıq. Nəticədə problemin mövcudluğu barədə sürücü xəbərsiz olur. Avtomobil isə daim “qəza rejimində” işləyir.

Əgər təkərlərdəki oxlar üzrə əyilmə bucaqları (razval, sxojdeniye) normadan çox artıqdırsa sərfiyyata 10-15% də əlavə edin.

Əgər tormoz sistemində nasazlıq varsa və tormoz yastıqları ilişərək təkərlərə mane olursa 5-15% də bu təsir edəcək.

Əgər katalizator işləmirsə, buna yanacağın keyfiyyəti və mühərrikin düzgün işləməyən yanma sistemi səbəb olur, işlənmiş qazların maneəsiz xarıc olunmasına əngəl yaradır və sərfiyyatı artırır. Yeni mühərriklərdə artıq həm katalizatordan əvvəl, həm də sonrakı oksigen sensoru yanacaq sərfiyyatını artıra bilər. Əvvəllər yalnız katalizatordan əvvəlki sensor rol oynayırdi.

Yanacaq sistemindəki təzyiq. Əgər bu təzyiq düşərsə, buna səbəb yanacaq nasosundakı nasazlıq ya da yanacaq filtrinin kirlənməsi ola bilər. Müxtəlif modellər üçün təzyiq intervalı fərqlidir. Bunu manometrlə yoxlamaq olar. İnjektorun açılma müddəti 2.6-3ms olur (modeldən və silindrlərin sayından asılı olaraq dəyişə bilər). Əgər sistemdə təzyiq çox olarsa bu zaman ərzində daha çıx benzin yanma kamerasına daxil olacaq.

Şəbəkədə elektrik gərginliyi qeyri-stabil olarsa bu da yanacaq sərfiyyatını artıracaq. İdarəedici blok şəbəkədəki gərginliyi ölçərək yanacaq sıçramasının müddətinə qərar verir. Bunu tapmaq üçün generatorun çıxışındakı cərəyanı multimetr ilə ölçürlər. Ölçməni mühərrik işləyən zaman etmək lazımdır.

Oksigen sensoru

Oksigen sensoru (Lyambda-zond). Bu sensor işləmədikdə də çox zaman sürücü tablosunda “Check engine” xəbərdarlıq işığı yanır. Amma yanmasa belə sərfiyyat artacaq. Yuxarıda katalizatorun işinin benzin sərfiyyatına təsirindən yazmışıq. Katalızatorun işləməsindən oksigen sensoru xəbər verir. Ona görə katalizator işləsə də sensor xarabdırsa bort-kompüter düzgün məlumat almayacaq və sərfiyyat artacaq. Bu sensorun resursu 80,000 km-dir. Əgər artıq 100,000 km sürmüsünüzsə, əmin ola bilərsiniz ki, sensor artıq kompüteri “aldadır”.

Burada birinci Lyambda-zondun rolu xüsusilə böyükdür. Məhz bu zondun göstəricisi mühərrikə daxil olacaq hava/yanacaq qarışığının nisbətinə qərar verir. Ona görə bu sensor işləmədikdə sərfiyyat 20% arta bilər.

Sensorun göstəriciləri düz olmadıqda hava/yanacaq nisbəti pozulur. Normada 14.7 hissə havaya 1 hissə yanacaq sərf olunmalıdır. Bu göstərici dəyişdikcə yanacaq sərfiyyatı da dəyişir. Hava payı azaldıqda yanacaq “varlı”, artdıqda isə “kasıb” olacaq. Adından göründüyü kimi “varlı” rejimdə normadan artıq, “kasıb” rejimdə isə normadan az yanacaq yeyilir. Amma düşünməyin ki, “kasıb” yanacaq sizin cibinizə xeyirdir. Bu zaman yanacaq az sərf olunsa da mühərrik böyük yük altında işləməli olur. Belə bir “qənaət” sonda mühərrikin yığılması ilə nəticələnə bilər.

Temperatur sensoru

Soyuducu mayenin temperatur sensoru. Əgər sərfiyyat artıbsa bu sensoru da yoxlamaq lazımdır. Bu sensor işləməzsə Elektron İdarəetmə Bloku (EİB) və ya bor-kompüter “düşünür” ki, mühərrik soyuqdur və yanacağın miqdarını artırır. Çünki soyuq mühərriki qızdırmaq üçün həmişə çox yanacaq işlənir.

Boş gedişdə dövrlər (xolstoy xod) yüksək olarsa bu da yanacağın artıq sərfiyyatı deməkdir. Əksər avtomobil mühərrikləri üçün bu dövrlərin sayı dəqiqədə 850 müəyyən edilib. Mənim Jeep Compass modelimdə bu göstərici hətta 650-700-dür. Dövrlərin artmasına səbəb kəpənəyin (drosselnaya zaslonka) vəziyyətini xəbər verən sensorun səhv göstəricisi ola bilər.

İnjecktor

İnjecktorun forsunkaları tutulubsa, bu avtomobilin dinamikasına ciddi təsir göstərir. Nəticədə sürücü qazı daha dərin basıb sərfiyyatı artırir. Ona görə hər 40,000 km yürüşdən sonra injektorun yuyulması tövsiyə edilir.

Mühərrikin hava filtrinin tutulması nəticəsində yanma zamanı az hava daxil olur və hava/yanacaq nisbəti yanacağın artması tərəfə dəyişir. “Varlı” yanacağı hiss edən Lyambda-zond başlayır yanacağı da azaltmağa. Nəticədə yenə sürücü qazı artıq basmalı olur. Bu da 10%-ə qədər yanacaq sərfiyyatının artması deməkdir.

Hava təzyiqi sensoru

Giriş kollektorunda hava təzyiqi sensoru. Bu sensorun başqa adı mütləq təzyiq sensorudur. Bu sensorun işi daxil olan havanın təzyiqini vakuuma nəzərən ölçməkdir. Əvvəllər avtomobillərdə işlədilən havaölçən (vozduxomer) qurğunun işini görür. Bəzi modellərdə elə havaölçən ilə birgə işləyib daxil olan havanın miqdarına nəzarət edir. Bəzilərində isə havanın təzyiqindən miqdarı müəyyən edib yanacaq/hava nisbətinə nəzarət edir. Ona görə lyambda-zond kimi bu sensor da qarışığın hazırlanmasında rol oynayır.  Əgər sensor səhvən yüksək təzyiq göstərirsə (yəni daxil olan havanın miqdarını artıq göstərirsə) onda bu havaya uyğun da benzin ayrılacaq. Əslində isə hava az daxil olub, nəticədə “varlı” yanacaq alınacaq.

Paylayıcı valın sensoru. Müasir avtomobillərdə çoxnöqtəli sıçratma sistemi işləyir. Bu işi paylayıcı valın sensoru təmin edir. Sensorun işi sayəsində hər bir silindrə yanacaq takta uyğun daxil olur. Bu sensor siradan çıxarsa sistem asinxron rejimə keçir. Nəticədə taktdan asılı olmayaraq bütün silindrlərə eyni zamanda yanacaq sıçraması baş verir.

Etilli benzinin fəsadları. Bir çox hallarda benzinin oktan vahidini qaldırmaq üçün ona tetra etil qurğuşun əlavə edilir. Bu qatqı çox zəhərlidir. Həm də qurğuşun oksigen sensorunun üzərinə çökür. Sonda bu sensor səhv məlumat verir ki, bu da yuxarıda adı çəkilən problemi yaradır və sərfiyyat artır.

Ona görə yüksək oktan vahidi olan benzin (AI-95, AI-98) tökərkən sizin qatqılı yanacaq işlətməniz ehtimalı daha yüksəkdir. Hərçənd AI-92 benzinə də “əl qatırlar”, amma burada qatqının olması ehtimalı nisbətən azdır.

Alışma sistemi. Mühərrikin işində az da olsa qeyri-stabillik varsa, dövrlərin sayı özü-özündən boş durma zamanı artıb-azalırsa, bu da sərfiyyatın artmasına səbəb olacaq. Çünki yanacaq, tam və düzgün işləməyən silindrdən birbaşa qazları xaric edən boruya daxil olub katalizatorda yanacaq. Bu da sərfiyyatdan əlavə katalizatorun “ömrünü” azaldacaq.

Digər məqalələr

Katalizator barəsində
Məqalə katalizatorun avtomobil və ətraf mühit (ekologiya) üçün vacib rolunu izah edir. Həmçinin katalizatorun xarab olması səbəbləri və onun diaqnostikasını necə həyata keçirməyi izah edir. Katalizator tutularkən və ya daxilindəki pətəklər sınarkən avtomobildə nə müşahidə olunmasını bilmək istəyirsinizsə, bu məqaləni oxuyun.

Oksigen sensoru
Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib. Bu nisbətə (14.7/1) stoxiometrik, yəni ideal göstərici deyilir. Əgər ideal qarışıq alınmazsa bort-kompüter “varlı” yanacaq qarışığı verir.

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?
Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.