Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201942

Yaranma tarixi:

Omonimlik problemi

Omonimlər

 

Omonim sözlərin yazılışı, hətta deyilişi eyni olsa da onlar müxtəlif leksik məna ifadə edir. Bu cür sözlər təbii dilin analizində böyük problemlər yaradır. Omonim sözləri klassifikasiya etməyə çalışaq. Bizim verəcəyimiz klassifikasiya ola bilər ki, dilin qrammatik baxımından az əhəmiyyət kəsb etsin. Lakin təbii dilin kompüter analızı üçün lazımdır. Belə ki, qrammatikada omonimləri leksik və qrammatik kimi iki sinfə bölürlər.

Leksik omonimlər əsas nitq hissəsi kimi işlənib müxtəlif leksik mənaları ifadə edir. Məsələn, yay həm fəsil adı, həm də silah deməkdir. Hər iki halda isim kimi işlənir. Lakin yay həm də fel kimi (yuxanı yaymaq) işlənə bilər.

Qrammatik omonimlər isə bir mənada əsas nitq hissəsi kimi, digər mənada  isə köməkçi nitq hissəsi kimi işlənir. Qrammatik omonimlərə misal kimi başqa sözünü göstərmək olar. “Səndən başqa” birləşməsində qoşma kimi, “başqa adam” birləşməsində isə bu söz sifət kimi işlənir.

Aşağıdakı hallarda isə sözlər ümumiyyətlə omonim sayılmır:

  1. Vurğu dəyişməklə mənası dəyişən sözlər:
    Bəzən sözündə birinci sait uzanarsa “hərdən” mənasını ifadə edəcək. Lakin heç bir sait uzanmadıqda isə “bəzənmək” mənasını verəcək. Eynilə alın – isim (alın nahıyəsi) kimi işlənərsə heç bir sait uzanmır və vurğu sözün sonuna düşür, alın – alınmaq feli kimi işləndikdə isə vurğu birinci hecaya düşür. Burada –ın4 şəkilçisi al təsirli felini alın təsirsiz felinə çevirir. Digər tərəfdən eyni şəkilçi al felinin əmr formasını yaradır (siz alın). Əslində məna baxımından fərqli olan bu tip sözlər müxtəlif cür tələffüz olunduğu üçün qrammatikada omonim sayılmır. Çünki vurğu onları fərqləndirir. Yazıda isə vurğu olmadığından bizim üçün bu sözləri də mənaca ayırmaq problemdir.
  2. Həm ümumi həm də xüsusi ad kimi işlənən sözlər:
    Bənövşə, lalə, nərgiz sözləri həm gül adları, həm də şəxs adlarıdır. Aslan sözü heyvan olmaqla yanaşı həm də xüsusi isim kimi addır. Bu tipli sözlərin böyük hərflə yazılması bizə kömək etmir. Çünki cümlənin əvvəlində gələrkən həm ümumi, həm də xüsusi isimlər böyük hərflə yazılır. Bir də Araz, Şirvan kimi xüsusi isimlər həm şəxs, həm də coğrafi adlardır. Ona görə hər iki halda böyük hərflə yazılırlar.
  3. Şəkilçi qoşularkən eyniləşən sözlər:
    şirin – “şirin meyvə” mənasında sifət kimi işlənir, digər tərəfdən “şir” isminin yiyəlik halıdır
    iti – “iti bucaq” mənasında sifət kimi,  “iti yedizdir” deyilərsə “it” isminin təsirlik halıdır
    qazan – sözü isə həm isim, həm fel (qazanmaq felinin əmr şəkli), həm də feli sifət kimi (quyu qazan) işlənir. Qazan sözü isim və fel kimi omonim olsa da fel və feli sifət kimi, isim və feli sifət kimi omonim sayılmır. Eyni mülahizəni birinci bənddə qeyd olunan alın sözünə də aid etmək olar. Yəni bu söz həm tələffüzə görə fərqləndiyi üçün, həm də şəkilçi qəbul edib eyniləşdiyi üçün omonim sayılmır.

Bütün deyilənlərə baxmayaraq hər üç halda bizim üçün bu sözlər başqa-başqa məna kəsb edir. Bu cür, qrammatik tərifinə görə omonim olmayıb, təbii dilin analizi baxımından isə müxtəlif sayılan sözlər çoxdur. Qaymaq, axmaq, oymaq və s. kimi sözlər həm isim həm də felin məsdər forması olmaqla müxtəlif məna ifadə edir.

Ona görə bizim omonimlik probleminə yanaşmamız tam başqa olmalıdır. Sonda bu problemə kiçicik də olsa işıq salacaq bir üsul barədə danışaq. Fikrimizi iki sözün misalında izah edək.

Gül sözünün müxtəlif mənalarına baxaq. Həmin güllər mənim çıx xoşuma gəlir. Burada gül sözü (-lar2) cəm şəkilçisi qəbul etdiyinə görə onun isim olması şübhəsizdir. Samirə bərkdən gülürdü. Burada isə gül feli indiki zaman (-ür4) şəkilçisi və idi hissəciyinin şəkilçiləşmiş (-di4) formasını qəbul edib. Deməli gül sözünü heç bir şəkilçisiz halda işlənərkən nitq hissəsi kimi tanımaq mümkün olmayacaq. Bunu yalnız kontekstə görə müəyyən etmək mümkün olar.

İndi qaz sözünə baxaq. Bu söz fel kimi heç vaxt qaz kimi işlənmir. Tək halda qazı formasında işlənir. Şəkilçi qəbul edərkən sonuncu “ı” hərfi düşür, qoşulan şəkilçi isə bu sözün fel olmasını müəyyən etməyə kömək edir.

Eyni söz isim kimi həm quş, həm də təbii qaz mənasında işlənir. Bu halda isə qəbul edilən şəkilçi belə bizə informasıya vermir. Aşağıdakı cümləyə nəzər yetirək:

Qışda qazı kəsəcəklər.

Burada qaz sözü yenə həm quş, həm də təbii qaz mənasında işlənə bilər. Yəni hətta cümlə daxilində sözün həqiqi mənasını həmişə birqiymətli müəyyən etmək olmur.

Digər məqalələr

Hecalama

Azərbaycan mətnini hecalara ayırmaq üçün müəyyən qaydalar var. Ən birinci qayda odur ki, Əvvəlcə onu deyək ki, sözlərdə olan saitlərin sayı qədər heca var. Samit səs özündən sonrakı saitin yaratdiği hecaya daxil olur..

Stop-sözlərin müəyyən edilməsi

Stop sözlər (doldurucu sözlər, nida, qoşma, ədat, modal) əslində təhlil baxımından mənasız sözlərdir. Bunların bəziləri danışarkən şəxsə fikirləşmək üçün vaxt qazanmaq imkanı yaradır, bəziləri isə emosional təsiri artırmaq üçün işlənir. Yazıda tək-tək də olsa rast gəlinir.

Fellərin şəkildəyişməsi

Bu məqalədə felin başlanğıc formasını götürüb ona qrammatik şəkilçilər əlavə etməklə bütün mümkün söz formalarını alacağıq. Hər bir hal üçün istisnalar mövcuddur.

Əsl Azərbaycan və türk sözlərinin tapılması

Zaman keçdikcə bütün dillərdə olduğu kimi Azərbaycan dilinə də yeni terminlər əlavə olunmuşdur. Alınma sözlər iki qrupa bölünür: ərəb-fars dillərindən alınma və rus, avropa dillərindən alınma sözlər.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.