Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Mənfi ölçülü fəza nədir?

Mənfi fəzalar haqqında fikir məndə, Kainatın yaranışı barədə düşünərkən təsadüfən yarandı. 1,2 və 3 ölçülü fəza olduğu halda niyə -1, -2, -3 ölçülü olmasın?!

4-cü ölçünü biz görmürük, lakin fikrimizdə cürbəcür obrazlar qurmaqla abstrakt da olsa ikinci bir 3-ölçülü fəza yarada bilirik, fikirlərimizlə keçmişə və gələcəyə səyahət edirik.  Bir də deyirlər bəsirət gözü var ki, onunla da insan keçmişi və gələcəyi görə bilir. Məndə bu üçüncü göz olmadığı üçün 4-cü ölçü barədə söhbəti buradaca saxlayıb keçirəm əsas məsələyə.

Mənfi fəza haqqında internetdə müəyyən müddət axtarış apardım. Maraqlı idi ki, görəsən məndən əvvəl daha kimin fikrinə belə bir ideya gəlib. Amma yeganə tapdığım -1 ölçülü fəza oldu ki, bununla da boş çoxluğu (Ø) işarə edirlər.

Ona görə mənfi ölçülü fəzaları necə təsəvvür etdiyimi sizlərlə bölüşmək istəyirəm. Nöqtə 0 ölçülü fəzadır. Nöqtələr yan-yana düzülüb düz xətti, düz xətlər müstəvini, müstəvilər isə bizim 3-ölçülü fəzanı əmələ gətirir. Burada  dayanaq və geriyə qayıdaq. 0-dan da geriyə. Aşağıdakı şəklə diqqət yetirin.

Nöqtə

Yəqin ki, düşünürsünüz müstəvi, və ya kağız üzərinə bir nöqtə qoyulub. İndi həmin kağızın arxa tərəfinə baxın.

Müstəvidə xətt

Burada isə düz xətt görünür. Aşağıdakı şəklə bir də baxın. Yenə də mi nöqtə olduğunu düşünürsünüz?

Mühitdəki dəlik

Yox, bu sizin ekranda bir dəlikdir. Həmin dəlikdən ekranın o biri üzündəki düz xətt, müstəvi və istənilən fəza fiquru buradan sizə bir nöqtə kimi görünür. O tərəfdəki kainatdan nə sizim və də mənim xəbərim var.

Fikrimi bir az da konkretləşdirmək istəyirəm. Tutaq ki, nöqtələr həmin kağızdakı dəlikdən o tərəfə yan-yana düzülüb yuxarıda dediyimiz kimi xətti yaradır. Bizim üçün isə nöqtə, elə nöqtə olaraq qalır. Həmin düz xətt bizim üçün -1 ölçülü fəzadır. İndi təsəvvür edin ki, eyni dəlik fəzada da mövcuddur. O dəliyin əks tərəfində olan -2, -3 ölçülü fəzalar bizim üçün gizli olaraq qalacaq. Bir sözlə -1, -2, -3 ölçülü fəzalar, bizim görə bilmədiyimiz 1, 2, və 3 ölçülü fəzalardır.

Fantaziyanızı işə salın. Qalxıb güzgüyə baxın. Kimi görürsünüz? Özünüzümü? Buna əminsiniz? Onda sağ əlinizlə sağ qulağınızı tutun. Güzgüdəki Siz sol əli ilə sol qulağını tutacaq. O, siz deyilsiniz, sizin -3 ölçülü fəzaya inikasınızdır. Hətta deyərdim -3 ölçülü fəzanın -2 ölçüyə proyeksiyasıdır.

Böyük partlayış

Sinqulyarlıq nöqtəsini yada salın. Həqiqətənmi Kainatın 1 nöqtədən yaranmasına inanırsınız? Məncə bu sadəcə nöqtə yox, mühitdə bir dəlik olub. Böyük partlayış zamanı həmin dəlikdən mənfi ölçülü fəza gəlib keçib öz müsbət ölçüsünə. Təsəvvür edin ki, dəlikdən o yana hər şey bizimkinin tam əksidir. Orada da Dekart, yox Traked koordinat sistemi var. Ölçülər bizimkinin əks istiqamətində artır.

Hər şey tərsinə, hətta mənəviyyat belə. Bizim cəmiyyətdə ən mənfur və alçaq görünən əməllər orada təqdirəlayiq sayılır. Lap “Əyri güzgülər krallığı” nağılında olan kimi.

Bir vaxt gələcək bu iki Kainat yenə yerini dəyişəcək. Növbəti kiçilmədən sonra yenə Böyük partlayış olacaq və biz gedəcəyik günahkarların alqışlandığı kainata, onlar isə gələcək bizim kainatı “düzəltməyə”. O zaman hazırda səfalətdə yaşayan günahsızlar öz xoşbəxtliyinə qovuşacaq, amma günahkar hesab edilmək şərtilə. Kafərlər isə möminə çevriləcək.

Qurana müraciət edək. Əl-Əraf surəsinin 40-cı ayəsində deyilir ki, dəvə iynənin gözündən keçməyənə qədər günahkarlar Cənnətə girməyəcək. Məhəmməd Füzuli də eyni fikri nəzmlə belə ifadə etmişdi:

Bu qəmlər kim, mənim vardır, bə’irin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.

Bə’ir dəvə deməkdir. Yəni dəvə dərddən o qədər kiçilər ki, iynənin gözündən keçər və Qurandakı şərt ödəndiyi üzündən, nəhayət ki, kafər olanlar da Cənnətə qovuşar. Bir məqama fikir verin. Həmin o iynənin gözü tez-tez adı çəkilən sinqulyarlıq nöqtəsi deyilmi? Bu dəlikdən keçən bütün mənfi saydığımız ünsürlər mənfi fəzada müsbət olacaq, müsbət ünsürlər isə əksinə, mənfiləşəcəklər.

Çünki daim haram yeyib başqalarının haqqına sahib çıxan, çətin ki düzələ. Dəyişsə yalnız cəmiyyətin ona münasibəti, daha doğrusu mühit dəyişəcək. Dəyişməz qalan isə yalnız başlanğıcdır, sıfır fəza, nöqtə.

Amma qorxduğum bir məqam var. İndiki məmurlar o dəlikdən keçəndən sonra, birdən o qədər saflaşar ki, orada da onlara vəzifə verərlər. Onda vaydır o “mömin” insanların halına.

Sonluq

Təəssüf ki, güzgü günahlarımızı bizə göstərmir. Orada gördüyümüz yalnız əksimizdir. Nə bilmək olar. Bəlkə güzgü elə günahların da “əksini” göstərir. Yəni məfiliyimizi mənfi fəzada görünən kimi...

 

Digər məqalələr

Düşüncə maddiyyatı necə idarə edir

Kainat fikrə bağlıdır və hər şey fikir vasitəsilə yaradılır. Enerji diqqətin arxasınca gedir. Fikrimizi nəyin ətrafında cəmləsək o dəyişməyə başlayır.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.