Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr


Yaranma tarixi:

AIDA nədir və kimlərə lazımdır?

AIDA satışa necə kömək edir?

AIDA

AIDA modeli marketinqdə geniş istifadə olunduğu üçün marketoloqlara bu sözün mənası bəllidir. Günümüzdə bu model ilə işləməyən biznes təsəvvür etmək çətindir.

AIDA sözünün izahını hələ verməsəm də, yəqin ki, artıq başa düşdünüz ki, AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Onda gəlin bu terminin mənasını açıqlayaq. İngiliscə bu 4 sözün baş hərfləridir.

  • Awareness – maarifləndirmə
  • Interest – maraq
  • Desire ­– arzu, istək
  • Action – hərəkət, fəaliyyət

Hər biri haqda ətraflı danışmaq istəyirəm. Əgər hövsələ edib sona qədər oxusanız, sonda sizə işləyən mexanizm təklif edəcəyəm.

Awareness (maarifləndirmə)

Yeni məhsulun çıxarılış öncəsi əhalini bu məhsul barədə məlumatlandırma mərhələsi. Bu mərhələdə yeni yaradılacaq və ya bazara gətiriləcək məhsulun nəyə lazım olması və müştəriyə nə verəcəyi barədə danışılır. Vacıb odur ki, auditoriya bu məhsulun konkret olaraq ona lazımlılığını anlasın.

O zaman ki, məlumatlandırılan insanlar potensial müştəriyə çevrilir, siz məhsulun gələcəyini təmin etmiş olursunuz. Əgər təqdim ediləcək məhsul hansısa ciddi problemi (məsələn sağlamlıq, kökəlmə və ya qocalma problemini) həll edə biləcəksə hesab edin ki, Cek Potu götürmüşünüz.

Bu mərhələnin məqsədi diqqəti cəlb etməkdir.

Interest (maraq)

Məhsul reklam olunarkən həmişə insanlarda maraq doğurmalıdır. Məsələn, əgər siz tenis topu istehsal edirsinizsə, reklam çağırışı olaraq “Bizim toplar ən yumru toplardır” deməklə heç kimdə maraq doğura bilməzsiniz. Hətta “Bizim toplar 100 dərəcə temperatura davamlıdır” cağırışı da heç nə verməyəcək. İnanmıram kimsə topu yumaq üçün qazana atıb qaynada.

Lakın yazsaq ki, “Bu toplarla oynadıqca oynayacaqsınız, çünki bizim toplar 5 ildən çox keyfiyyətini saxlayır” bunu tennisçilər o dəqiqə qiymətləndirəcək. Xatırladım ki, professional tenis topu adı şəraitdə 1,5 il, metal qutuda soyuqda maksimum 5 il müddətində xüsusiyyətini qoruyur.

Bu mərhələ bir növ çağırış rolunu oynayır.

Desire (istək)

Bu bölmədə isə müştəridə məhsulu almaq istəyi yaradılmalıdır. Bunun üçün bir çox yollar var. İstəyi doğurmaq üçün hər hansı aksiya həyata keçirilə bilər. Məsələn, 1 qutu top alana 1-i hədiyyə (1+1 kampaniyası), və ya top və raketka alana tenis çantası hədiyyə, və s. Bəzən reklam olunan malı alana konsertə bilet kimi bonuslar da təklif olunur :)

Action (hərəkət)

İndi gəldik əsas məqama. Bu vaxta qədər yazılanlar hamısı müştərini “bişirib” hərəkətə gətirmək üçün idi. Artıq müştərini alışa vadar etmək üçün son təkan lazımdır. Bu təkan belə bir təklif ola bilər: “Əgər indicə müraciət etsəniz sizə xüsusi endirim və bonuslar paketi təklif olunacaq”.

Ardınca isə bonuslar sadalanır. Bəzən elə yerə çatır ki, bonusların maya dəyəri məhsulun dəyərini dəfələrlə aşır. Amma marketinqin məqsədi müştərini ilk alışa sövq etməkdir. Tutaq ki, ilk 500 müştəriyə siz bolluca hədiyyə verdiniz. Bu məmnun müştərilər artıq sizin “yeriyən” reklamınızdır. Onlar gəzib hər yerdə danışdıqca və sosial şəbəkələrdə yazdıqca sizin virus marketinqiniz işləməyə başlayacaq. Ona görə bu itmiş yox, reklama xərclənmiş puldur.

Siz artıq AIDA-nın nə olduğunu və bizim alış-verişimizi necə yönləndirdiyini bilirsiniz. İndi televiziya reklamlarını yada salın. AIDA-nın ən bariz nümunəsi TV-şop kampaniyalarıdır. Burada bir efir vaxtı ərzində bütün adı çəkilən mərhələlər öz əksini tapır.

İndi sizə işləyən reklam kampaniyası üçün hazır təklif şablonunu təqdim edirəm:

  • Müştəriyə yönləndirilmiş sual. Bu 2-ci bəndə keçid üçün müştəridə maraq oyatmalıdır;
  • Yuxarıdakı sualın yarımçıq cavabı. İntriqa yaratmaq üçün “oxu atıb yayı gizlətmə” mexanizmi;
  • Sizin təklifiniz. 1-ci bənddəki problemin sizin prizmadan həlli mexanizmi;
  • Müştərini hərəkətə gətirmək üçün aksiya.

Əgər bu məqalə həqiqətən sizə yeni məlumat verdisə uyğun sosial şəbəkənin düyməsini basmaqla dostlar ilə bölüşün ki, digərləri də məlumatlı olsun.

Digər məqalələr

Kopirayterlər üçün AIDA modeli
AIDA termini 4 ingilis sözünün baş hərflərindən ibarətdir. Attention, Interest, Desire, Action. Mənaları uyğun olaraq diqqət, maraq, istək və hərəkət deməkdir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.